22 Dekabr 2024

Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu

Uzun illərdir düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqı bir daha sübut etdi ki, bu torpaqlar məhz bizim əzəli torpaqlarımızdır. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları dedi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi.

Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə çevrildi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları baş tutmadı. Xalqımızın ədalətli mübarizəsinin – Vətən müharibəsinin 44 günün hər günü şanlı tarixdir. Azərbaycan Ordusu hər gün irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Rəşadətli Azərbaycan Ordusunun qüdrətinə müqavimət göstərə bilməyən düşmən dinc əhalini hədəfə almaqla müharibə cinayətləri törətdi. Şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu. Müharibə dövründə 100-ə yaxın mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak oldu. 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Müharibənin getdiyi o günlərdə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyətə də çatdırıldı. 44 günlük Vətən müharibəsi bir daha dünya azərbaycanlılarının birliyinin təsdiqi oldu. O günlərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı ayağa qalxdılar. Müharibənin getdiyi günlərdə xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Vətəndaşlarımız etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirərək ön və arxa cəbhədə mükəmməl birlik yaratdılar. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular.

Dövlətimiz şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi