23 Dekabr 2024

Vergi siyasətinin əsas hədəfləri: sabit, şəffaf və rəqabətli iqtisadiyyat

Ötən il qeyri-neft sektoru üzrə dövriyyədə 1,8 milyard manat və ya 22,6  faiz artım qeydə alınıb. Bu sektorda, həmçinin  əlavə dəyər vergisinin (ƏDV) dövriyyəsi 21,7 faiz artıb. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib. O.Nəzərli 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolmasının təmin edildiyini və bunun 2021-ci il ilə müqayisədə 82,2 faiz çox olduğunu bildirib.

Təbii ki, 2022-ci ildə vergiödəyicilərinin sayı da artıb. Ötən il əvvəlki illə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 7  faiz, ƏDV ödəyicilərinin sayı 15,1 faiz, obyektlərin sayı isə 3,2 faiz çoxalıb. Yeri gəlmişkən qeyd edək ki, ötən il ölkədə əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri iqtisadi təşviqdir. M. Cabbarov iqtisadi təşviqin işğaldan azad edilən ərazilər üçün aktual olduğunu vurğulayıb. O xatırladıb ki, bu ilin əvvəlindən Prezident İlham Əliyevin tapşırıq və təşəbbüsünə əsasən vergi, sosial müdafiə sahəsi və gömrük qanunvericiliyi sahəsində çox geniş təşviqlər qəbul edilib.

Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.

Ölkə Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib.

Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək.

Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib.

Bütün bunlarla yanaşı, vergi sahəsində effektiv nəzarət tədbirləri də aktuallığını qoruyub saxlayacaq. M. Cabbarov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi və investiyasların cəlb edilməsində “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə davam etdiriləcək: “Düşünürəm ki, bunun alternativi yoxdur və bu, öz müsbət nəticəsini verir. Biz bunu orta aylıq əmək haqqında, daimi iş yerlərinin sayında, vergi mədaxillərində, gündəlik həyatda aydın şəkildə görürük”.

Başqa sözlə, ölkə iqtisadiyyatının sabit, şəffaf və rəqabətli olması vergi siyasəti ilə dəstəklənir. Görünəni odur ki, vergi siyasətinin iqtisadiyyatın, sahibkarlığın böyüməsində və güclənməsində rolu artmaqda davam edəcək.