Vasif Talıbova bağlı şirkətlərdə dəyişikliklər davam edir
“Gəmiqaya Avtonəqliyyat” MMC (VÖEN – 0201375131) və “Arkoz Yol-Su Enerji 1” MMC (VÖEN – 0201373141) yenidən təşkil olunduqlarını elan ediblər.
Yeniavaz.com xəbər verir ki, “Yol-Su İnşaat” MMC ləğv olunaraq “Arkoz Yol-Su Enerji 1” MMC-yə qoşulub. “ALÇI-ZAVOD-75” MMC isə “Gəmiqaya Avtonəqliyyat” MMC-nin tərkibindən ayrılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərin nizamnamə kapitallarında da dəyişikliklər olub. Ehtimal etmək olar ki, nizamnamə kapitallarının dəyişdirilməsi təsisçi dəyişikliyi ilə bağlıdır.