21 Noyabr 2024

Vaqif Poeziya Günləri bərpa olundu- Səfər iştirakçılarının təəssüratları

“Şuşa bizim üçün həm də milli qürurun dirçəliş məkanıdır…”

Şuşada Vaqif Poeziya günləri keçirilir. Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Öncə bu mədəniyyət hadisənin tarixinə qısa səfər edək:

14 yanvar 1982-ci ildə Molla Pənah Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılışı olub. Mərasimdə iştirak edən mərhum uluöndər Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş verib. Beləcə, hər il avqust ayında  Azərbaycanın mədəniyyət xadimləri Vaqif poeziya günlərində bir araya gəliblər. Ənənəyə çevrilən bu poeziya günləri şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşıb. Ta ki, 1992-ci ilə qədər. Şuşa işğal olunandan sonra  erməni qəsbkarları Molla Pənah Vaqifin məqbərəsini dağıdıblar. Təbii ki, Vaqif poeziya günlərinin keçirilməsi də mümkün olmayıb.

30 ildən sonra bu mədəniyyət hadisəsinə yeni nəfəs verildi. Ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Molla Pənah Vaqifin büstünün və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa, yenidənqurma işlərindən sonra açılışını etdilər. Bu gün isə Vaqif Poeziya Günlərinə start verildi.

Bu münasibətlə yazıçılar, şairlər, QHT sədrləri, millət vəkillərinin təmsil olunduğu böyük bir qrup Şuşada səfərdədir. Beynəlxalq “Alaş” Ədəbi mükafatı laureatı Əkbər Qoşalı Şuşa təəssüratlarını Musavat.com-la bölüşdü:

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Şuşada olmaq çox fərqli duyğu bəxş edir. Ayağımız Şuşa torpağına dəydi. Şuşanın havasını udduq, mənəvi iqliminə qərq olduq. Bu bəxtiyarlığı bizə bəxş edən Tanrımıza çox minnətdarıq. Şəhidlərimizi bir daha dərin ehtiramla yad edirik, qazilərimizə can sağlığı arzu edirik. Ordumuz var olsun, dövlət başçımız, dövlətimiz var olsun, bayrağımız uca olsun.  Şuşada Azərbaycan bayrağının qaldırılmasına xidmət etmiş bütün insanları ehtiramla yad edirik. Bunları deməyi özümə borc bilirəm.

Şuşanın dörd bir yanında Heydər Əliyev Fondu tərəfindən, ayrı-ayrı dövlət qurumları tərəfindən təmir-bərpa işlərinin aparıldığını müşahidə edirik. Şuşa dirçəlir. Prezident Şuşanın azad edildiyinin müjdəsini verərkən demişdi: “Əziz Şuşa, sən azadsan!”.

Biz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif  Poeziya Günlərində iştirak etmək üçün gəlmişik. Vaqif  Poeziya Günləri uzun illərdir keçirilmir. Səbəb bəllidir. Gələcəkdə daha böyük miqyasda, fərqli formatda, zəngin proqramla keçiriləcək.

Ötən gün dövlət başçısı bir sıra açılışlar etdi. Şuşa sözün həqiqi mənasında intibah dövrünü yaşamaqdadır. Şuşadan  Göyçəyə, Zəngəzura, İrəvana, digər itirilmiş torpaqlarımıza yollar görünür”.

Millət vəkili Fazil Mustafa Musavat.com-a bildirib ki, Şuşanı görmədən haqqında danışmaq tam dolğun təsəvvür yaratmır:

“Şuşaya gəlib bu əraziləri görmək, bura ilə bağlı strateji düşüncə əldə etmək olduqca vacibdir. Çünki biz Şuşanı görmədən, işğaldan azad olunmuş ərazilər barədə təsəvvürə malik olmadan fikirlər söyləyirik. Bir çox hallarda bu fikirlərin real təməli olmur. Amma buranın relyefini görəndən sonra başa düşürük ki, ərazi necə çətinliklə azad edilib. Ona görə də gördükdən sonra daha dəqiq, cilalanmış mövqe ifadə etmək mümkün olur. Şuşa Azərbaycanın nadir incisidir. Şuşa elə bir strateji mövqeyə sahibdir ki, buradan Qarabağın demək olar ki, bütün ərazilərini müşahidə etmək  mümkündür. Düşmənin yaşadığı digər ərazilər müəyyən dərəcədə Şuşaya tabe olmuş vəziyyətdə qalacaqlar. Çünki hər hansı şəkildə qarşıdurma və ya gərginlik olarsa, bu strateji mövqeyə malik Azərbaycan daha çox üstünlüyə sahibdir. Bu mənada, gələcəyə daha nikbin baxmalıyıq. Burada hər bir daş, ev bir sirdir, tarixdir, dağıdılmış binalar erməni vəhşiliyinin bir nümunəsidir. Bəlli bir dövrdə insan ümidsizliyə qapılır, lakin insan inanmalıdır ki, onun haqqı olan ona qayıdacaq, yaxud da özü qaytarmalıdır. Şuşa bizdə bu təəssüratı yaratdı. Şuşa bizim üçün həm də milli qürurun dirçəliş məkanıdır və bu məkanın hər nöqtəsi sanki müqəddəsləşib. Bu şəhərsiz Azərbaycan natamam bir ölkə idi. Burada həm də Azərbaycan oğullarının misli görünməmiş qəhrəmanlığının izlərini görürsən. Qayalara dırmaşaraq bu şəhəri azad etmək necə mümkün olub? Bunu edən əsgər fövqəladə dəyərə sahibdir. Allah şəhidlərimizin ruhunu şad etsin!”

Qarabağa getmək hər kəsin  arzusudur. Bu səbəbdən də işğaldan azad olunan torpaqlara səfər təşkil olunanda gedə bilməyənlər sosial şəbəkələrdə narazılıqlarını bildirirlər.

 Bu dəfə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı sosial media hesabında status paylaşaraq, narazılığını ifadə edib. Musavat.com-a açıqlama verən Akif Nağı hesab edir ki, səfər edənlərin heç biri Qarabağ üçün sərt çıxışlar etməyiblər, azadlıq üçün çalışmayıblar:

“Səfər edənlərin biri də barmağını daşın altına qoymayıb, ancaq özünü düşünüb. Hansının başı yarılıb Qarabağ yolunda? Hansı həbs olunub? Hansı işindən çıxarılıb? Hansı Qarabağla bağlı sərt mövqe ortaya qoyub? Biri deputat, biri yazıçı kreslosunu qoruyub. Tədbirə dəvət etmişik, amma gəlməyə qorxublar ki, görərlər. Vaxt var idi deyirdilər ki, Qarabağ qayıdan deyil. İndi alim, diplomat, deputat olublar. Üzümə deyirdilər ki, Akif, özünə niyə əziyyət verirsən? Hər kəsin o torpaqları görmək haqqı var. QAT-ın birinci qurultayında Xalq yazıçısı Anar qapının bağlı olduğunu görüb, salam vermədən çıxdı getdi. Yaxud Sabir Rüstəmxanlı və b. veteranları görürəm. İki dəfə Şuşaya şuşalıların səfəri təşkil olundu. Baxıram ki,  onlar Şuşanın azadlığı naminə bir addım da atmayıblar. QAT-ın Şuşa şöbəsi var. Siyahılara qohumları, tanışları salırlar. Belə haqsızlıq olmaz. Bu kimi haqsızlıq narazılıq yaradır”.

Qeyd edək ki, müsahiblərimizdən Fazil Mustafa bildirdi ki, o, səfərə Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü kimi qatılıb. Əkbər Qoşalı isə münasibət bildirmək istəmədi.

Nigar HƏSƏNLİ
“Yeni Müsavat”