07 Aprel 2025

Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

Ötən il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından bu günədək enerji diplomatiyasının uğurlarından bəhs edərkən ilk olaraq Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 tədbiri göz önünə gəlir. Bu iqlim konfransı ölkəmizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirdiyini, yeni hədəflərə nail olmaq üçün səylə çalışdığını bir daha təsdiqlədi. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi.

Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil. Bu tədbir, eyni zamanda, Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə edərək etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü dedi.

Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci toplantısındakı çıxışında qeyd etdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı