26 Aprel 2024

Uzağı ilyarıma Şuşaya qayıdış baş tutacaq

Əziz Əlibəyli: “Qarabağa qayıdış istiqamətində çox ciddi irəliləyişlərin şahidi olduq”

“UNEC Ekspert” jurnalının “Böyük Qayıdışın iqtisadiyyatı”na həsr olunmuş növbəti sayı oxuculara təqdim edilib. Jurnalda UNEC-in 18 alim-eksperti tərəfindən Böyük Qayıdışın uğurunun təmin edilməsi, postkonflikt ərazilərə qayıdışın dünya təcrübəsi, Qarabağda ənənəvi mədəniyyət və sənətkarlıq sahələri üzrə biznesin inkişafı, həmin ərazilərdə sənayenin və aqrar sektorun inkişaf perspektivləri geniş təhlil edilib. Həmçinin məcburi köçkünlərin peşə bacarıqlarının artırılması və məşğulluqlarının təmin edilməsi mexanizmləri, ali təhsil klasterinin formalaşdırılması ilə bağlı ekspert şərhləri oxucuların diqqətinə çatdırılıb.

Oxucular jurnalda Qarabağda yaşıl iqtisadiyyatın perspektivləri, turizmin inkişafı, ağıllı infrastruktur, halal qida məhsulları sektorunun inkişafı, sahibkarlığın stimullaşdırılması, eləcə də Zəngəzur koridoru və Qarabağın iqtisadi dirçəlişindəki rolu ilə bağlı ekspert araşdırmaları ilə də tanış olacaqlar.

Məlumat üçün bildirək ki, ötən həftənin sonu Sosial Tədqiqatlar Mərkəzi Şuşada “Qətiyyətli cavab” əməliyyatı sorğusunun nəticələrini elan etdi. Qurumun mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ilə mədəniyyət paytaxtımızda, eləcə də işğaldan azad edilən digər ərazilərimizdə “Qarabağa qayıdış planı” çərçivəsində gedən quruculuq, təmir-bərpa işləri ilə əlaqədar söhbət etdik.

Müsahibimiz gördüklərindən çıxış edərək, tezliklə məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıdacaqlarından ümidlə danışdı: ““Qarabağa qayıdış” anlayışını işlədəndə təbii ki, əsas vacib nüans təhlükəsizlik və kommunikasiyalar məsələsi önə çıxır. Prezidentin son olaraq Laçın səfərində nümayiş etdirdiyi infrastruktur qurulması, dağ keçidləri ölkə rəhbərinin “Qarabağa qayıdış konsepsiyası”nın əsasında nələrin dayandığını göstərir. İlk növbədə, bütün hallarda yollar düzəlməlidir. Yollarla paralel işıq, qaz, su təchiz olunur. Bunlar olduqdan sonra ilkin şərtlər yerinə yetirilməlidir. Ötən illə müqayisədə indi ora səfər edəndə biz Qarabağa qayıdış istiqamətində çox ciddi irəliləyişlərin şahidi olduq. Zəfər yolu kimi çox layihə ərsəyə gəlib. Füzuli Hava Limanı bizi qarşıladı. Bu hava limanı o deməkdir ki, bu bölgə üçün daxili və xarici səfərlər nəzərdə tutulur. İnvestisiya, əhalinin qayıdışı, təhlükəsizlik baxımından bu çox vacib bir məsələdir”.

Jurnalist Əziz Əlibəyli mətbuat katibi təyin olundu | Hokm.Az

Ə.Əlibəyli qayıdışa ən əsas mane olan problemdən də danışıd: “Burada ən çətin və önəmli məsələ minadır. Təxminən ölçünü nəzərdən keçirdim. Füzuli rayonunun Qaraxanbəyli kəndindən Ermənistan sərhədinə təxminən 40-50 kilometrlik bir məsafədir. Cənub sərhədinə isə təxminən 100 kilometr məsafə təşkil edir. Bu isə o deməkdir ki, düşmən bizimlə mübarizədə ərazimiz daxilində 100 kilometrlik məsafədə minalardan istifadə edib. Çox təəssüflər olsun ki, aktiv müharibə başa çatsa da, mina müharibəsi davam etməkdədir. Biz o yerlərə gedəndə yolların sağ və sollarında minaaxtaranların fəaliyyətinin şahidi oluruq. Mülki əhalinin qayıdışının ən başlıca şərti minalardan təmizlənmədir. Zəfər yolu boyu quruculuq, insan izinin, rifahın, əməyin, peşənin müqəddəsliyinin şahidi oluruq. Ucsuz-bucaqsız üzüm sahələri, əkin yerləri var ki, bu ilə aiddir. Xocavənddən daxil olduqda biz Şuşada aparılan böyük tikintinin, quruculuğun, yerləşmənin şahidi olduq. Ən önəmlisi budur ki, ötən illə müqayisədə Şuşada mülki əhalinin sayı artıb. Şuşada müxtəlif peşələr üzrə mühəndis fəaliyyəti göstərən gənclərin sayı da çoxalıb. Şuşa artıq qeyri-hərbi bir mülki şəhərə çevrilməkdədir. Dünya mədəniyyətinin, Azərbaycan ideoloji mərkəzinin, qələbəmizin çox mühüm mərhələsini Şuşa təşkil edir. Şuşanın mərkəzində xarabalığa çevrilən yaşayış yerlərinin minalardan təmizlənmə nəticəsində təhlükəsiz həddə gətirilməsi də çox mühüm amillərdən birini təşkil edir. Orada elə bir proses gedir ki, müharibədən, ümumiyyətlə, heç bir iz qalmayan, rifahı, inkişafı şərtləndirən bir prosesdir. Belə hesab edirəm ki, Şuşa üçün geridönüşü şərtlərindən addımlar qısa müddətdə atıla bilər. Böyük köçün, qayıdışın Şuşa və digər ərazilərimiz üçün çox gec olmayan reallığı ilə hər kəs razılaşmalıdır. Belə götürdükdə bu strukturun böyük bir hissəsi artıq ərsəyə gəlib. Qarşıdakı 1 il, uzağı ilyarımda Şuşaya qayıdış baş tutacaq. Düşünürəm ki, Şuşaya dağ şəhəri yanaşması tətbiq edilməkdədir. Xarabalığa çevrilmiş yerlərin bərpası çox sürətlə həyata keçirilir. 2030-cu ilə qədər icrası nəzərdə tutulan Milli Prioritetlərimizin icrası müstəvisində  Qarabağa böyük və əsaslı qayıdışın tamamlanmasını qeyd edə bilərik”.

Cavanşir ABBASLI