UNESCO-nun mədəni dəyərləri kontekstində Səlim Karvansarayının mühafizəsi – İkinci yazı
Azərbaycan xalqının zəngin mədəni (maddi və qeyri-maddi) irsinin böyük bir hissəsi qədim yurd yerimiz olan Qərbi Azərbaycanda qalmaqdadır. Əsrlərlə yaşadığımız əzəli torpaqlarmızda tarixin müxtəlif mərhələlərindən yaradığımız mədni irsimizi 3 kateqoriyaya ayırmaq olar.
1) Qeyri-maddi mədəni irs nümunələri.
2) Maddi mədəni irs nümunələri.
3) Təbii irs nümunələri.
Hər üç kateqoriyadan olan mədəni irs nümunələrimizin tədqiqi mühafizəsi ilə bağlı ciddi fəaliyyətlərin görülməsi tarixi zərurətdir. Biz bu araşdırmada 2-ci kateqoriyadan olan maddi mədəniyyət nümunələrimizin vacib tərkib hissəsi olan tarixi abidələrimizin mühafizəsi ilə bağlı beynəlxalq hüquqi təminatlara toxunacayıq.
Qərbi Azərbaycanın incisi olan Dərələyəz mahalı tarixi mədəni irsimizin ən dərin qatlarında özünə yer tutur. Memarlıq qurluşuna və daşıdığı məna çalarlarına görə bu tarixi abidələr içərisində karvansaralar xüsusi yer tutur. Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşən Səlim karvansarayı da bu qəbildən olan mədəniyyət abidələrimizdəndir.Təəssüf ki, Səlim karvansarayının harada yerləşməsi ilə bağlı bəzi mənbələrdə yanlışlara yol verilmişdir. Əksər araşdırmaçılar tərəfindən karvansarayın Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşməsi haqqında fikir birliyi olsa da bəzi mənbələrdə yanlış olaraq karvansarayın Zəngəzur mahalı ərazisində yerləşməsi barədə fikirlər yer almışdır. Məsləyə aydınlıq gətirək.
Səlim karvansaryı harada yerləşir Dərələyəzdə yoxsa Zəngəzurda?
Səlim karvansarayının Zəngəzur ərazisində yerləşməsi haqqında Naxçıvan Ensklopediyasında (Bakı -2002, səh 594, Səlim Karvansaryı məqaləsi səhifə 511) fikirlər hansı mənbədən qaynaqlanır. Onu da qeyd edək ki, bu mənbə əsasında digər müəlliflər və Vikipediya Açıq Ensklopediyasında da məqalə yer almaqdadır. Naxçıvan Ensklopediyasında yer almış məqalənin istifadə etdiyi ədəbiyyata nəzər yetridikdə bəlli olur ki, görkəmli tarixçi alim tarixi abidələrin mahir bilicisi Məşədixanım Nemətovanın “Elm və həyat” jurnalının 1997-ci il tarixli 2-ci sayında yer almış “Köprükəndə konfrans” adlı məqaləyə istinad edilmişdir. Araşdırma məqsədi ilə ilkin mənbə kimi istinad olunan tarixçi alim M.Nemətovanın sözügedən məqaləsinə baxış keçirdik.
Bəlli oldu ki, Məşədixanım Nemətova Türkiyədə iştirak etdiyi konfrans barədə məlumat verəkən Səlim karvansarasından danışarkən “Zəngəzur yolunda Səlim keçidində” yerləşən ifadəsi yanlış olaraq Zəngəzur kimi başa düşülüb. Göründüyü kimi karvansaranın Zəngəzur ərazisində yerləşməsi ilə bağlı irəli sürülən fikirlərin heç bir əsası yoxdur. Tarixi abidə Dərələyəz mahalının Ağkənd kəndi ərazisində yerləşir və bu adda Qərbi Azərbaycan ərazisində başqa abidə yoxdur.
Şübhəsiz ki, karvansaranın tarixinin araşdırılmasında görkəmli alim M.Nemətovanın rolu danılmazdır. Karvansara üzərindəki daş kitabənin oxunması ilə abidənin kim tərəfindən tikilməsi məsləsinə də məhz M.Nemətova aydınlıq gətirmişdir. Karvansaranın araşdırlması məsləsinə toxunarkən dəyərli tədqiqatçı Kamil Dərələyəzlinin (Məmmədovun) adını çəkməyə bilmərik. K.Dərləyəzlinin “Dərələyəz od içində” adlı kitabında Dərələyəz abidələri adlı bölməsində Səlim karvansarayı haqqında geniş bəhs etmişdir. K.Dərələyəzli kitabında karvansaradan bəhs edən məqaləni “AĞ KƏND KARVANSARASI” adlandırmışdır. Müəllifin fikirncə yerli əhali tərəfindən vaxtı ilə Şah Abbas və ya Səlim Karvansarası adlandırılması karvansaranın Türkiyə Sultanı Yavuz Sultan Səlim yaxud Səfəvi hökmdarı I Şah Abbas tərəfindən tikilməsi ilə bağlı yalnış təssəvürdür.
Səlim Karvansarası kim tərəfindən tikilib?
Karvansaranın giriş qapısı (1,80×1,13m) üzərində fars dilində daşa (l,87×0,86m) oyularaq, həkk olunmuş kitabədə 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid xan Bahadur tərəfindən tikdirildiyi qeyd olunmuşdur. Kitabədə deyilir: “Əbu Səid xan Bahadur – dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı -Allah onun hökmranlığını və sultanlığını əbədi etsin – vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə” h.729–1328
Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.
Ermənilər sözügedən karvansaranın tarixini hələ 60-cı illərdən saxtalaşdırmağa başlayaraq M.Harutyunyanın “Micnadaryan Hayasdani karavanadnerç u kamuçneri” (Erevan, 1960) kitabında abidəni erməni abidəsi kimi təqdim etməyə başlamışlar. Hətta daş kitabənin üzərinə saxta mətnlər də yerləşdirblər. Tədqiqatçı K.Dərələyəzli erməni tarixçilərinin tarixi Azərbaycan ərazilərindəki müxtəlif abidələri utanmadan öz adlarına çıxmalarını faktlarla ifşa edib: “M.Harutunyan “Orta yüzillərdə Ermənistanda karvansaralar və körpülər” kitabında Səlim karvansarası kimi hallanmasına baxmayaraq utanmadan qeyd edir: “1935-ci ildə S.Barxudyanın “Ermənistanın mədəniyyət abidələri” kitabında bildirilir ki, karvansaranın sənduqələrindəki yazı heç bir əhəmiyyət kəsb etmir (tarixşünaslıqda ən-ənəvi saxta erməni metodologiyası K.Həsənova, S.Vəkilov ), yalnız karvansara ümumittifaq əhəmiyyət kəsb etdiyi üçün Şərq xalqlarına burada dincəlmək və istirahət etmə imkanı vermək nöqteyi-nəzərindən yazılıb. Abidə Orbelyanlar nəslindən hökmdarlar hökmdarı Sumbatın və ya Liparid hökmdarı şərəfinə 781(1332)-ci ildə inşa olunub”.
Hazırda turizm ərazisi kimi istifadə edilən Səlim karvansarası (www.findarmenia.ru/armenia/raznoe/selimskiy-karavan-saray) ermənilər tərəfindən ictimaiyyətə belə təqdim olunur: “Səlim karvansarayı 1332-ci ildə Çezar Orbelyan dövründə tiklib. O, günlərdən Sünik knyazları Orbelyan Çingiz xanın nəvəsindən nəinki mülklərini geri qaytarmaq , həm də öz daxili işləri ilə sərbəst məşğul olmaq imkanı əldə etmişlər”.
Mədəni irsin qorunmasına dair beynəlxalq hüquqi təminatlar.
Sözügedən mədəni irsin qorunması 16 noyabr 1972-ci il tarixində Parisdə qəbul edilmiş UNESCO -nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyaya əsasən həyata keçirilir. Onu da qeyd edək ki, 5 sentyabr 1993-cü il tarixndə Ermənistan Respublikası, 6 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikası sözügedən Konvensiyaya qoşulmaqla dünya mədəni irsinin qorunması ilə bağlı beynəlxalq birlik qarşısında öhdəlik götürmüşdür. Lakin göründüyü kimi bütün məsələlərdə olduğu kimi ermənilər bu məslədə də öhdəliklərini kobud surətdə pozurlar.
Qəbul edilmiş Konvensiyanın 1-ci maddəsinə əsasən «mədəni irs» dedikdə: “Abidələr: memarlıq, monumental heykəltəraşlıq və boyakarlıq əsərləri, arxeoloji xarakterli ünsürlər və ya strukturlar, kitabələr, mağara məskənləri və tarix, incəsənət, yaxud elm baxımından görkəmli universal dəyərə malik ünsür qrupları” nəzərdə tutulur.
Konvensiyanın 6-cı maddəsində deyilir: Bu Konvensiyanın hər bir tərəf-dövlətləri ərazisində yerləşən,1 və 2-ci maddələrdə müəyyən edilmiş mədəni və təbii irsi olan dövlətlərin suverenliyinə tam hörmət etməklə və milli qanunvericiliklə həmin irs barəsində nəzərdə tutulan hüquqlara xələl gətirməklə, onun bütün beynəlxalq birliyin mühafizə etməyə borclu olduğu ümumi irs olduğunu etiraf edirlər.
Bu Konvensiyanın hər bir tərəf-dövləti bu Konvensiyanın digər tərəf-dövlətlərinin ərazisindəki 1 və 2-ci maddələrdə xatırlanan mədəni və təbii irsə birbaşa, yaxud dolayısı ilə xələl gətirə bilən hansısa qərəzli hərəkət etməməyi öhdəsinə götürür.
Yuxarıda göstərildiyi kimi Ermənistan tərəfi tarixi abidələri saxtalaşdırmaqla UNESCO qarşısında götürdüyü öhdəlikləri kobud surətdə pozur. Azərbaycan tərəfi bu məslədə öz prinsipial mövqeyini iki aspektdə irəli sürməsi daha təsirli olar.
1) Tarixi aspekt
2) Hüquqi aspekt
Hesab edirik ki, tarixi dəlilərlə məhz həmin abidələrin Azərbaycana məxsus olmasını, hüquqi dəlilərlə isə Ermənistanın beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməliyik.
ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,
UNESCO klubunun rəhbəri Könül Həsənova
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov
Fotolar