UNEC QS dünya universitetləri reytinqində 501-530-cu oldu!
QS Dünya Univetsitetləri Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr üzrə reytinqini açıqlayıb.
UNEC ilk dəfə olaraq, İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univesitetlər qrupuna yüksəlib.
Bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalənin, 2016-2021-ci illərdə 117,8 milyon istinadın QS tərəfindən təhlili nəticəsində müəyyən edilib. Qiymətləndirmə zamanı 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamının və 99 000-dən çox qlobal işəgötürənin də səsi nəzərə alınıb.
Reytinq qiymətləndirməsi akademik reputasiya, işəgötürənlər reputasiyası, elmi nəşrlərə istinadlar, H indeksi və beynəlxalq tədqiqat şəbəkələşməsi (International Research Network) olmaqla, 5 müxtəlif kateqoriya üzrə aparılan analizlərin nəticəsində hesablanır. UNEC-in ilk dəfə yer tutduğu İqtisadiyyat və Ekonometrika sahəsi də sözügedən beş istiqamət üzrə ayrı-ayrılıqda hesablanan nəticələr əsasında müəyyənləşib.
Ümumilikdə 2023-cü ildə QS Dünya Universitetlər Reytinqi 1594 ali təhsil müəssisəsi üzrə 54 fərdi fənn istiqaməti əsasında dünyanın ən yaxşı universitetlərini sıralayıb. Bu il reytinq sıralarında ən çox ABŞ, İngiltərə, Çin, Fransa və Hindistanda yerləşən ali təhsil müəssisələri yer tutub.