23 Dekabr 2024

Ümummilli liderin yaratdığı Bərdə səhiyyəsi artıq yoxdur: TƏBİB bütöv bir sistemi amansızlıqla məhv edib.

Bərdə rayonunda səhiyyənin idarəolunması vətəndaşların haqlı narazılıqları ilə müşahidə olunur. Xüsusilə poliklinika binasının boşaldılaraq mərkəzi rayon xəstəxanasına yerləşdirilməsi , uşaq xəstəxanasının da eyni qayda da mərkəzi xəstəxanaya köçürülməsi vətəndaşlara xidmət səviyyəsinin artırılmasına deyil, daha da pisləşməsinə səbəb olub.

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Bərdəyə xüsusilə böyük qayğı göstərib. O cümlədən , Bərdədə hər cürə şəraiti olan səhiyyə sistemi qurulub. Uşaqlar üçün meşə massivi yaxınlığında uşaq xəstəxanası inşa olunub. Təbii ki, uşaqlar üçün xəstəxananın tikilməsinə görə meşəyə yaxın ərazinin  seçilməsində məqsəd  buranın təmiz havası ilə bağlı olub. Ancaq , indi həmin kriteriyalarla uşaqların həyatına yanaşma TƏBİB-in qərarı ilə dəyişib. Uşaq xəstəxanası Mərkəzi rayon Xəstəxanasına köçürülməklə azyaşlılara qarşı səhiyyədəki laqeyidlik nümayiş etdirilib. Bu barədə rayonun ictimai fəallarıda həyacan təbili səsləndirirlər. Bərdə şəhər sakini Zahid Mikayılov Bərdə səhiyyəsində baş verənlərlə bağlı TƏBİB-i ittiham etməsində də haqlıdır.

Ötən əsrin 80-ci illərində Ümummilli lider Heydər Əliyevin qayğısı ilə  Bərdə səhiyyəsində əldə edilən  nailiyyətlərdən biri də şəhər poliklinikasının istifadəyə verilməsi hesab olunurdu. 150 otaqdan ibarət binada  yüksək səviyyəli şərait yaradılmış, xəstələrə tibbi xidmətin göstərilməsi üçün hərtərəfli imkanların mövcudluğu təmin edilmişdir. Uzun illərdən sonra binanın təmir olunması və yenidən müasirləşdirilməsini bərdəlilərin arzusu olsa da TƏBİB bu binanı da mərkəzi xəstəxanaya köçürməklə bərdəliləri məyus edib. İndi, bina sözün əsl mənasında göz dağına çevrilib. Səhiyyə resursları kifayət qədər mövcud olduğu halda, binaların mövcudluğuna baxmayaraq  bu gün Bərdədə səhiyyə sahəsində atılan addımlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət eləmir. Dövlət səhiyyə sistemi məhv edilir, əvəzində özəl səhiyyə müəssisələri çiçəklənir.     

Indi xəstəxanada aləm qarışıb bir-birinə.Adam əlindən tərpənmək olmur. Xəstəxananın dəhlizlərində , necə deyərlər, iynə atsan yerə düşməz. Nəzərə alsaq ki, indiki pandemiya şəraitində əhalinin bir yerə yığışmağı xəstəliyin yayılmasına rəvac verir, deməli, təhlükəli virusun yayılmasına Bərdə xəstəxanası da öz töhfəsini əsirgəmir.

Xəstəxananın həyətində avtomobillərin dayanması üçün dayanacaq inşa olunsa da nəqliyyatın hərəkəti düzgün nizamlanmır. Əvvəllər olduğu kimi xəstəxanaya gələnlər maşınlarını korpusların yaxınlığında saxlamağa çalışdıqlarından tıxaclar müşahidə olunur. Sıxlığın yaranmasının əsas səbəbi də ayrı – ayrı istiqamətlərdə yerləşən xəstəxanaların bir yerə cəmləşdirilməsidir ki, bunun da əziyyətini həkimindən tutmuş xəstəsinə qədər hamı çəkir.

Bərdə səhiyyəsində bu sayaq ağır nəticələrə səbəb olmuş “islahat” da şəxsi maraqlardan irəli gəldiyi bildirilib. Danışılanlara inansaq, Bərdə Poliklinikası artıq satılıb. Həkim heyətinin uyğun olmayan bir yerə köçürülməsi də bununla bağlıdır.

Xəstəxananın indiki durumunda görünən mənzərə adamı dəhşətə gətirir. Sanki, Bərdədə dəhşətli xəstəlikdən hamı qırılır. Artıq bu rayonda sağlam adam qalmayıb. Dəhlizlər boyunca  bütün kabinetlərin qarşısında növbələr müşahidə olunur. USM, Rengen, Labaratoriya, həkim qəbullarına düşmək istəyənlərin sayı hesabı olmur.

Poliklinikanın dəhlizində qeydiyyat masasının başı müştərilərlə doludur. Adama 15 manat hesaba vəsait ödədirlər. Sürücülük üçün verilən arayışların qiyməti isə bundan iki dəfə bahadır. Bunun üçün 15 yox, 30 manat tələb edirlər.  Bərdə rayonunun Mustafaağalı kənd sakini də iş yerinə sağlamlıq arayışı almaq istəyir. Buna görə də o, qeydiyyatçıların göstərişi ilə 15 manat ödəyir.

Sənəd almaq üçün uzun vaxt gözləməli olursan.

4 nəfərlik bilgisayarın ikisində qeydiyyat aparılır. Qeydiyyat poliklinikada aparıldığından yaranmış durumdan çarə umulan buranın baş həkimi Mehdi Mehdizadə olur. Ancaq o da prosesdən kənarda olduğunu, qeydiyyatla bağlı məsələnin onun səlahiyyətində olmadığını bildirir. Onunla söhbətdən belə məlum olur ki, qeydiyyatla bağlı ya buranın rəhbərliyi, ya da kı dəhlizdə oturan qeydiyyatçıların böyüyü Pərvanə həkimdən doğru dürüst cavab almaq olar. Mehdi Mehdizadəyə deyəndə ki, “ 4 stolda hamı oturub, işləsə vətəndaşları rahat yola salmaq olar. Vətəndaşlara xidmətin operativliyi artar.” Cavab da belə olur: Yaxşı təklifdir. Ancaq mənim buna səlahiyyətim çatmır.

Bərdə Mərkəzi Rayon Xəstaxanasına direktoru Vüsal Məmmədov bildirib ki, qeydiyyatçının iki nəfər olması pandemiya vaksinasiyası ilə bağlı olaraq əməkdaşların gərgin iş rejimində çalışır. Ayrı-ayrı məntəqələrə ezam olunurlar. Qeydiyyatda vətəndaş sıxlığı müvəqqəti xarakter daşıyır. Tezliklə belə bir problem olmayacaq.

Baş həkimin nəzərinə çatdıranda ki: “pandemiya şəraitində xəstəxanada sıxlıq yaranır.Xəstəliyin yayılmasına rəvac verilir. Belə olan halda operativ xidmətin təmin edilməsinə ehtiyac var”. Cavab belə olub: “ Artıq koronavirus xeyli vaxtdır ki, mövcuddur. İndiyə qədər vətəndaşlarda davranış formalaşmalı idi. Buna görə həkimlər məsuliyyət daşımır.”

Baş həkim Vüsal Məmmədovun deməyinə görə, qeydiyyatla bağlı yaranan çətinliklər müvəqqətidir. Tezliklə düzələcək.  

Bərdə Mərkəzi Rayon Xəstaxanasına direktoru Vüsal Məmmədov haqqında onu demək olar ki, əvvəlki rəhbər şəxslərdən fərqli olaraq, medianı dinləməyi bacarır, soruşulanlara mədəni şəkildə cavab verir. Ümid edək ki, media üçün açıq danışmağı bacaran baş həkim Bərdə səhiyyəsinin problemlərini də aradan qaldırmağı bacaracaq.

Musa Muradlı