22 Dekabr 2024

Ümummilli lider Heydər Əliyevin misilsiz əməyi nəticəsində ölkəmizdə mükəmməl hüquq sistemi yaradılmışdır.

Ümummilli lider Heydər Əliyevin misilsiz əməyi nəticəsində ölkəmizdə mükəmməl hüquq sistemi yaradılmışdır.

Azərbaycan xalqı tarixən şəxsiyyətlər yetirmiş, dünyaya dühalar bəxş etmişdir. Ədəbiyyat, İncəsənət, memarlıq sahələrində çox soydaşlarımız olub ki, adı tarixin şanlı səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlətçilik tarixində də belə olub. Babək, Cavanşir, Şəmsəddin Eldəniz, Qızıl Arslan, Məhəmməd Cahan Pəhləvan, Uzun Həsən, Qara Yusif, Şah İsmayıl, Nadir Şah – siyahını çox uzatmaq olar. Bir sözlə Azərbaycan xalqı dünyanın ən bacarıqlı, ən ağıllı xalqları ilə bir sırada durmağı özünə haqq edib. Dünyada yüzlərlə xalq olduğu halda onlardan 200-ə qədər dövlət qura bilib. Onlardan biri də Azərbaycan xalqıdır. Və bu günkü Azərbaycan dövlətinin mövcudluğu Heydər Əliyev fenomen şəxsiyyətin adı ilə bir başa bağlıdır. Bunun üçün də Azərbaycan xalqı Ümummilli liderin adını daim böyük ehtiram hissi ilə xatırlayır və indən sonra da belə olacaq. Hansı ki, ümummilli liderin özü deyirdi ki, nə qədər Azərbaycan xalqı var, mən yaşayacam. Bələi bu həqiqətdir. Ümummilli liderimiz Heydər Əliyev elə bir zirvəyə çevrilib ki, harada olmasından asılı olmayaraq , baxanda həmin zirvə daim görünəcək.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti qurulandan 5 il sonra dünyaya gəlib. 23 ay yaşayan istiqlalımızın süqutundan 3 il sonra Naxçıvan şəhərində anadan olmuşdur. Tanrı sanki istiqlalımızın boğulmasından sonra xalqımıza elçisini göndərmiş, azadlıq arzusunun zamanında yerinə yetirilməsi üçün xilaskar göndərmişdir. Deyərdim ki, xilaskarlıq  Ümummilli liderimizin missiyası olmuşdur. Azərbaycan xalqının xilaskarı olmaqla yeni qüdrətli Azərbaycan dövlətinin yaradılmasını, qorunmasını, inkişafını təmin etmişdir.

Ümummilli liderin həyat fəaliyyətinə baxanda bütün sahələrdə onun mükəmməlliyini görmək mümkündür. Heydər Əlyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra bütün sahələrdə inkişafın şahidi oluruq. Azərbaycan mədəniyyəti özünün yeni nailiyyətlərinə qovuşub. Ən gözəl sənət əsərləri yazılıb. İstər Musiqidə, istər ədəbiyyatda , istər rəssamlıqda yeni nəfəsin varlığı hiss olunur. Buna da səbəb yaradıcı insanlara şərait yaradılması, onlara qayğı göstərilməsi olmuşdur. Bu qayğını isə Azərbaycan xalqını düşünən , onu sevən şəxs eliyə bilərdi. Azərbaycanın şəhərləri böyük quruculuq dövrünə daxil oldu. Bakı ilə yanaşı rayon şəhərləri də gözəl massivlərə çevrildi. Azərbaycanın iqtisadiyyatı sürətlə irəli addım atmış oldu. Kənd təsərrüfatı dəfələrlə məhsuldarlığı artırmış oldu. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin fitri istedadının, ağlının, zəkasının nəticəsi demək idi.

Ümummilli liderin ən böyük xidmətlərindən biridə Ədliyyə sisteminin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüququn aliliyinin yeni yetirilməsi ilə bağlı olmuşdur. Ümummilli lider bununla da göstərdi ki, xalqımızın xoşbəxt , firavan yaşamasını, dünya xalqları arasında ən layiqli həyat yaşasın. Belə qərarları ancaq xalqını hədsiz dərəcədə sevən lider edə bilərdi.

Azərbaycan Ədliyyəsinin əsası AXC yarananda qoyulub. Əfsuslar olsun ki, Azərbaycan Sovetlər İttifaqının tərkibinə daxil ediləndən sonra Ədliyyə nazirliyi ləğv edilmiş, onun səlahiyyətləri digər qurumlara verilmişdir. Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyətinə rəhbərlik etdiyi dövrdə Ədliyyə Nazirliyinin yenidən bərpa olunmasına qərar vermişdir.

    Dahi öndər “Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik, hüquqi dövlət qurmaq yoludur” sözlərini öz fədakar və yorulmaz əməlləri ilə gerçəkləşdirib. Daim biz Heydər Əliyev şəxsiyyəti ilə hüquqi dövlət konsepsiyasının bir-biri ilə sıx bağlı olduğunu görürük. Ölkəmizdə aparılan demokratik hüquqi dövlət quruculuğu prosesi, o cümlədən ədliyyə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, qısa müddətdə çoxsaylı mühüm qanun və məcəllələrin qəbul olunduğunu, yeni üçpilləli məhkəmə sisteminin bərqərar edildiyini, dahi öndərin müəyyən etdiyi islahatlar kursunun hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, son illər ədliyyə və məhkəmə sahəsində nailiyyətlərin qazanıldığını diqqətə çatdırmaq lazımdır.

Müasir hüquq sisteminin formalaşmasında və inkişafında Heydər Əliyevin müstəsna rolundan, apardığı məqsədyönlü islahatlardan danışarkən Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bugünkü möhtəşəm uğurlarımızın təməlində Ümummilli liderin ideyalarının durduğunu , Azərbaycan ədliyyəsinin, digər hüquq-mühafizə orqanlarının davamlı inkişafını, müxtəlif sahələr üzrə işin təkmilləşdirilməsini, şəffaf və innovativ xidmətlərin, o cümlədən yeni yaradılmış “ASAN mərkəz”lərinin fəaliyyətindən söz açmaq yerinə düşərdi.

 1995-ci ilin noyabrında ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, eləcə də Konstitusiya Məhkəməsinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndərin “Mən bu işə çox məsuliyyətlə yanaşıram. Çünki həm Azərbaycan Konstitusiyasının tarixini bilirəm və onu böyük diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iştirakçısı olmuşam” sözlərini xatırlamaqla Əsas Qanunun ümummilli liderin bilavasitə rəhbərliyi və zəhməti ilə mükəmməl bir sənəd kimi ərsəyə gəldiyini qeyd etmək lazımdır.

Ümummilli lider Heydər Əliyevin yüksək dövlətçilik amallarının hər birimizə örnək olduğunu vurğulamaqla demək lazımdır ki, ölkəmizdə məhkəmə hakimiyyətinin təşəkkülündə, demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafında müstəsna xidmətləri olmuşdur. İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinin, presedent hüququnun öyrənilməsinin ümummilli liderin insan haqlarının etibarlı müdafiəsi sahəsində ideyalarının icrasında mühüm rolu nəzərə alınaraq bu sahədə Ali Məhkəmə tərəfindən görülən işlər təqdirəlayiqdir. Bu gün də  dahi rəhbərin müəyyən etdiyi məhkəmə-hüquq islahatları konsepsiyasının dövlət başçısı İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulanmalıdır.

Ümummilli lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi naminə fədakar fəaliyyəti sayəsində qanunçuluq möhkəmləndirilmiş, prokurorluq orqanlarının yenidən qurulması və inkişafı bilavasitə dahi öndər Heydər Əliyevin xidmətləridir.  “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır”-deyən ümummilli lider prokurorluq sahəsində aparılan islahatların Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunun müasirləşməsi üzrə həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Həmçinin ölkəmizdə vəkillik institutunun təşəkkülü, Ombudsman təsisatının yaradılması, milli qanunvericiliyimizin, hakim korpusunun formalaşdırılması, hüquq elminin və təhsilinin inkişafı, korrupsiyaya qarşı mübarizə və digər sahələrdə ümummilli lider Heydər Əliyevin müstəsna rolu və xidmətləri barədə saysız fikirlər söyləmək olar. Dahi rəhbərin zəngin dövlətçilik salnaməsindən geniş bəhs etməklə  vurğulamalıyıq ki, Heydər Əliyev siyasi irsinin daim yaşayacağı və inkişaf edəcəyi şübhəsizdir.

 Azərbaycanda hüquqi dövlət ideyasının yaranması, hüquq sisteminin köklü və kompleks qaydada yenidən qurulması üçün elmə əsaslanan yeni konsepsiyanın işlənib hazırlanması, demokratik hüquqi dövlətin atributlarının – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsiplərinin bərqərar olunması, hüquq sisteminin islahatı və digər mövzular Ümummilli lider Heydər Əliyevin hüquqi dövlətçilik strategiyasının müəyyən edilməsilə öz həllini tapmışdır.

Sonda qeyd etmək lazımdır ki,  ümummilli liderin çoxşaxəli fəaliyyətinin, siyasi irsinin hələ çox illər sonra da gələcək nəsillər tərəfindən öyrəniləcəyini, dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin inkişaf edəcəyi vurğulanmalıdır.Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq- mühafizə fəaliyyəti yenidən qurulmuş və onların gələcək inkişafının təməli qoyulmuşdur. Və bu gün də  Azərbaycan, onun hüquq sistemi ümummilli liderin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşir və müasirləşir.

  Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu