Ümummilli Lider Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri
Ulu Öndər Heydər Əliyevin parlaq şəxsiyyəti və müdrik dövlətçilik siyasəti, məharətli idarəetmə təcrübəsi, zəngin siyasi irsi və gələcək nəsillərə ötürdüyü siyasətin varisliyi ənənəsi təkcə bizim ölkəmizdə deyil, yaxın və uzaq xarici ölkələrdə də politoloji tədqiqatlar üçün aktual mövzulardandır. Heydər Əliyev siyasi irsinə maraq illər keçdikcə daha da artmaqdadır. Xüsusilə də, türk xalqları arasında Heydər Əliyevin şöhrəti, nüfuzu hər zaman diqqətçəkici olmuşdur və SSRİ hökumətinin rəhbərliyindəki yüksək məqamında rəhbərlik etdiyi çox mühüm sahələrdə gördüyü ölçüyəgəlməz işlərlə, həyata keçirdiyi layihələrlə, eyni zamanda güclü iradəsi və cazibədar şəxsiyyəti ilə O, ümumxalq ehtiramını qazanmışdı. 1990-cı illərin əvvəllərində dərin böhrana sürüklənmiş, parçalanma və müstəqilliyin itirilməsinin astanasında olan, iqtisadi-siyasi və mənəvi çöküş mərhələsi keçirən Azərbaycan Respublikasını üzləşdiyi fəlakətdən xilas edib, sabitlik və inkişaf yoluna yönəldən, öncə qonşu ölkələr, ardından dünyanın aparıcı gücləri ilə milli maraqlar zəminində münasibətlər quran Heydər Əliyevin xilaskarlıq missiyası, xalqı birləşdirib Öz ardınca apara bilmək qabiliyyəti bir sıra ölkələr üçün əsl ustad dərsləri oldu.
Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. Nəzərə alınmalıdır ki, Ulu Öndər “Azərbaycanla Türkiyə “Bir millət, iki dövlətdir” dedikdə yalnız etnik olaraq türkləri deyil, bütövlükdə Azərbaycan xalqını onun bütün etnik tərkibini və mənzərəsini əhatə etməklə bir millət kimi nəzərdə tuturdu. Şübhəsiz ki, Mustafa Kamal Atatürk də zamanında “Nə mutlu türküm deyənə” ifadəsi ilə bütün Türkiyə Cümhuriyyətinin vətəndaşlarını və özünü türk sayan hər kəsi nəzərdə tuturdu.
Ümummilli Lider Heydər Əliyevin 8-11 fevral 1994-cü il tarixlərində Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına və inkişafına zəmin yaratdı. Əlbəttə, bundan əvvəl də, Azərbaycan öz istiqlalını elan edən vaxtdan qardaş Türkiyə ölkəmizə yardımlarını əsirgəməmişdi. Lakin, eyni zamanda da münasibətlərdə nizamsızlıq, qeyri-ardıcıllıq, emosional çalarlar daha çox idi. Həmin ilin oktyabr ayının 19-da Türk dövlətləri başçılarının Zirvə görüşündə qəbul edilmiş “İstanbul bəyannaməsi”nin imzalanma mərasimində Heydər Əliyev deyirdi: “ Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ müstəqil olmadığımız vaxtda bir-birindən ayırmayıb, bir-birinə bağlayıb, bir-birilə daha çox əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliklərini əldə edəndən sonra, müstəqil dövlətlər kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəli getməliyik”. Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bu isə Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin birbaşa nəticəsidir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi