22 Dekabr 2024

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin əziz xatirəsinə ehtiramın ən yüksək səviyyədə nümayiş olunması baxımından olduqca mühüm hadisədir. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan HeydərƏliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq tariximizin səhifələrinə öz adını yazdı.

Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri öz təsdiqini əməli işdə tapıb.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi