02 Dekabr 2024

Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan müstəqil dövlətə çevrildi

Bu gün harada yaaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müasir müstəqil, qalib Azərbaycanla qürur duyur. Ölkəmizə hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin və bu xəttin son 19 ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ümummilli Liderin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Azərbaycan xalqı haqlı olaraq ulu öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ümummilli lider Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq, gələcək inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalq-iqtidar birliyi ölkənin uğurlarının əsasıdır.

Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, milli dövlətçilik ənənələrinin bərpası ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində həyata keçirilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşananlar hər kəsə məlumdur. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda ən son həddə çatdı.  1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik, xaos, özbaşınalıq dövrü kimi xarakterizə edilir. O illərdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqiliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ümummilli Lider belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Xalqımız ulu öndər  Heydər Əliyevin ətrafında sıx birləşərək öz gələcək taleyinə özü qərar verdi. Dahi şəxsiyyətin zəngin idarəçilik təcrübəsi nəticəsində atdığı addımlar, müəyyənləşdirdiyi siyasət Azərbaycana davamlı uğurlar qazandırdı. Ölkəmiz qısa müddətdə sabitlik diyarına çevrildi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoyuldu. Ölkəmizin xarici siyasət uğurları biri-birini əvəzlədi. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə inamla irəlilədi. 1993-2003-cü illər dirçəliş, inkişaf dövrü kimi tarixə yazıldı. 2003-cü ildən başlanan yol Böyük Yolun davamıdır. Son 19 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. Bu gün dünya müasir müstəqil Azərbaycanın tarixi Zəfərinin reallıqlarını yaşayır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, xalqımızı müstəqilliyə, inkişafa, tərəqqiyə, qalibiyyətə aparan yol ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı gündən başlandı.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri