08 Sentyabr 2024

Ulu Öndər xarizması

Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir, üzərinə düşən tarixi missiyaları hər zaman uğurla yerinə yetirmiş bu unikal şəxsiyyətin ruhuna dualar oxuyur.  Ümummilli lider Heydər Əliyevin vəfatı onun doğmaları, yaxınları ilə bərabər çox sevdiyi xalqını da dərin bir kədərə boğdu.  Xalq müstəqil Azərbaycanın qurucusunu, ölkəni fəlakətlərdən, xaoslardan qurtaran güclü liderini, dünyaşöhrətli bir siyasətçini itirmişdi…

O, böyük şəxsiyyət idi. Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan ulu öndər Heydər Əliyev topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdi. Yüksək pozitiv keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdu. Sovet İttifaqında mühüm vəzifə postuna qalxarkən Azərbaycanın fəxri, qüruru oldu. Ona görə ki, bir azərbaycanlının nəhəng dövlətdə mühüm vəzifə sahibinə çevrilməsi elə-belə məsələ deyildi. Heydər Əliyev bu etimadı özünün yüksək bacarığı, mükəmməl bioqrafiyası ilə qazanmışdı. Üstəlik, bizim üçün qürurlu idi ona görə ki, Heydər Əliyev burada ölkəsinin mənafeyini hər zaman qorudu. Qarabağ münaqişəsinin Kremlin siyasi mətbəxində hazırlanması prosesinin qarşısının alınmasında o, cəsarəti ilə, vətənpərvərliyi ilə özünü Azərbaycan üçün sipər etdi. Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə doğma xalqının ürəyində özünə əbədi taxt qurdu. Ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda, onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı.

Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri həmişə məftun edirdi. Nitqi dərin və konkret idi, müzakirə olunan məsələni milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Xalqın iradəsini əks etdirən siyasi kursdan kənara çıxmırdı. Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətimizin əsas prioritetinə çevirdi; bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin, bəyanatların qəbuluna nail oldu.  

2023-cü il “Heydər Əliyev İli” elan olunub. Sözsüz ki, bu möhtəşəm yubiley Ulu Öndərin adına və xidmətlərinə layiq keçirilir. Çünki Heydər Əliyev adı və xidmətləri hafizələrdən heç zaman silinməyəcək fenomen bir şəxsiyyətdir!

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini