23 Dekabr 2024

Ukrayna Vətən savaşına başlasa, Azərbaycan hansı mövqedən çıxış edəcək? – açıqlama

Deputat: “Azərbaycan münaqişənin tez bir zamanda həll olunması üçün prosesə töhfə verməyə hazırdır”

Ukraynanın ərazisində mövcud olan separatçıların yenidən baş qaldırması postsovet məkanının daha bir ölkəsində gərginliyin artmasına səbəb olub. “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçıların bazar günü Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurması barədə xəbər dünyanın diqqətini bu ölkəyə yönəldib.

“DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıqlara baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər. Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya mənbələri xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Hətta “DXR”in “informasiya nazirinin birinci müavini” teleqram kanallarının birinə açıqlamasında Ukrayna ordusu və prezident Vladimir Zelenski haqda aşağılayıcı tonda danışaraq “əsas odur ki, dayanmayaq. Zelinin (Ukrayna prezidenti Zelenskini ni nəzərdə tutut-red.) Napoleonsayağı xoruz papağını əbədi olaraq göyə uçuraq” deyə, iddia edib. Ukrayna qoşunlarının komandanlığı isə itkilər barədə hələ məlumat verməyib. Rusiya seperatçıların mənbələrinə istinadən xəbər verib ki, Ukrayna ordusu ciddi itkilər verib. Rəsmi Kiyev bu xəbərləri nə təsdiq, nə təkzib edir. Mixail Xramkov adlı sosial şəbəkə istifadəçisi bu gün səhər isə Ukrayna ordusunun 20-dən çox itkisinin olduğunu, 25 nəfərin isə ağır yaralandığını, yaralıların Kiyevə aparıldığını bildirib.

Musavat.com xəbər verir ki, son günlər Ukraynanın Donbasda müharibəyə hazırlaşdığı haqda ən müxtəlif səviyyələrdə iddialar səslənirdi. Ötən ay Donbasdakı qondarma qurumların vaxtilə birləşdiyi “Novorossiya parlamenti”nin sabiq spikeri Rusiya KİV-nə gözlənilən müharibə təhlükəsindən danışmış və Qarabağ müharibəsi ilə bənzətmələr etmişdi. Onun sözlərinə görə, çox güman ki, ABŞ prezidenti Co Bayden Ukrayna məsələsinin çözümünü İngiltərənin himayəsinə verəcək. “Qarabağdakı müharibədə türklərin (Azərbaycan nəzərdə tutulur) arxasında dayanan London, Donbasda da oxşar prosesi təkrarlamağa çalışacaq”. Separatçı siyasətçi deyib ki, Kiyevdə ingilis kəşfiyyatı Mi-6-nın bürosunun açılışı olub. Türk hərbi mütəxəssislər ingilislər vasitəsi ilə Ukraynaya dəvət olunub və gözlənilən müharibədə dron proqramının müzakirəsi başlayıb. ““Ukraynada “Qarabağ variantı” getdikcə daha aydın görünür. Rusiya baş verənlərdən nəticə çıxarmalıdır. Xüsusilə Türkiyənin Ukraynaya tədarük etdiyi pilotsuz uçaqlarla bağlı” – deyə, o bildirib.

Ukrayna Daxili İşlər Nazirliyi Donbasın “işğaldan azad edilməsi” barədə ötən il qəbul edilən strategiyanı günü bu gün yerinə yetirməyə hazırdır. Bu barədə daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko “Obozrevatel” telekalına açıqlamasında bəyan edib. O bildirib ki, bu qərarı Ukrayna prezidenti Vladmir Zelenski və Ali Rada verməlidir. Onun sözlərinə görə, 2019-cu ildən “Donbasın işğaldan azad edilməsi strategiyası”nı həyata keçirmək üçün hər şey hazırdır. “Bunun tezliklə baş verəcəyinə ümid edirik. Biz əraziləri geri qaytarmağa hazırıq, amma bir şərtlə: əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz dövlət sərhədinə daxil oluruq, oraya nəzarəti tam bərpa etmək üçün nə lazımdırsa edirik” deyə, nazirin müşaviri bildirib.

Donbasdakı son vəziyyət AÇIQLANDI

Qeyd edək ki, Donbasdakı vəziyyət bir gün əvvəl Minsk razılaşması çərçivəsində danışıqlardan sonra gərginləşib. Danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən sabiq prezident Leonid Kravçuk deyib ki, Kiyev Rusiyanın davranışına görə “radikal addımlar” atmağa hazırdır. Ukrayna təkid edir ki, Rusiya ölkənin cənub-şərqindəki münaqişədə tərəf kimi tanınmalıdır. Rusiya isə Kiyevin “DXR” və “LXR” liderləri ilə danışıqlar aparmalı olduqları iddia edir. Rusiyanın danışıqlardakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov isə münaqişənin alovlanmasında Ukraynanı günahlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskva təmas xəttində artan gərginliyi “dərin narahatlıqla” müşahidə edir. “Donbas ərazisinə Ukrayna silahlı qüvvələri və təmas xəttinə yaxın olan müxtəlif hərbi birləşmələri tərəfindən getdikcə daha çox atəş açıldığını müşahidə edirik. Ukrayna hərbçiləri bəzi bölgələrdə aktivləşib. Bütün bunlar bizim ciddi narahatlığımıza səbəb olur”- deyə, Kreml rəsmisi bildirib.

Donbasda vəziyyət gərginləşdi – Yaşayış məntəqələri atəş altında

Ukrayna siyasətçiləri isə pessimist əhvaldadırlar. Onlar müharibə olacağı təqdirdə ölkənin bəzi ərazilərin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər.

Ukraynanın Birləşmiş Qüvvələrin əməliyyat qərargahının mətbuat mərkəzi rəsmi facebook səhifəsində separatçıların Ukrayna ordusunun ağır itkilər verməsi barədə xəbərlərini təkzib edib. “Ukrayna əsgərləri arasında itki yoxdur” deyə, mətbuat mərkəzindən bildirilib. Əlavə olunub ki, ATƏT nümayəndələricəbhə bölgəsində gərginliklə bağlı məlumatlandırıb. Mk.ru saytı Ukrayna daxili işlər nazirinin müşavirinin açıqlamaları barədə bəzi dəqiqləşdirmələr də edib. Bildirilir ki, daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko açıqlamasında daha sərt danışıb. O nazirindən sitat gətirərək bildirib ki, “ruslar Ukraynaya hərbi hücum etsə, bu, Rusiyaya sarsıdıcı zərbə olacaq”. Müşavir həmçinin hesab edir ki, Ukraynaya aviasiya köməyi ilə hücum edilərsə, bu, Donbasdakı hərbi əməliyyatlarda Rusiyanın iştirakının sübutu olacaq. O əlavə edib ki, Rusiya aviasiya ilə hücum edərsə, Kiyevə Qərbdən də dəstək olacaq və Ukrayna hərbi təcavüzə tutarlı cavab verə biləcək”.

Gərginlik: Ukraynada fövqəladə iclas çağırıldı

Qarabağın erməni işğalından azad edilkməsindən sonra əraziləri işğal altında və ya separatçıların nəzarətində olan digər ölkələrin, o cümlədən Ukraynanın da torpaq bütövlüyünü təmin etmək istiqamətindən hərəkətə keçəcəyi haqda proqnozlar var idi. Hətta Ukraynanın Qarabağda uğurla sınaqdan keçirilmiş Türkiyə istehsallı pilotsuz uçuş aparatlarına maraq göstərdiyi də bildirilirdi. Onu da qeyd edək ki, 44 günlük müharibədə Ukrayna Azərbaycana açıq dəstək verdi. Bu mənada Ukraynanın Rusiya himayəsində olan separatçılarla savaşında Azərbaycanın hansı mövqedən çıxış edəcəyi də təbii olaraq maraq doğurur. Düzdür, Azərbaycan hər bir ölkənin, o cümlədən dost Ukraynanın ərazi bütövlüyünü tanıyır. Amma Ukrayna ilə savaşan seperatçı qüvvələrin arxasında Rusiya dayanır, bu baxımdan Azərbaycanın manevr imkanı daralır. Bu da faktdır ki, Rusiya da 44 günlük müharibədə heç zaman olmadığı kimi, bizə dəstək verdi. Həm də bu dəstək bir çoxlarını təəccübləndirdi, erməniləri isə şoka saldı. Rusiya ermənilərə silah yardımını davam etdirsə də, savaş günlərində passiv mövqeyi və sükutu ilə Azərbaycana dəstəyini ifadə etdi. Bu dəstəyi isə gözardı eləmək mümkün deyil. Bu mənada Kremli qıcıqlandıran siyasətin yürüdülməsi problemlər yarada bilər. Üstəlik, Rusiyanın ordu bölükləri Qarabağın dağlıq bölgəsində sülhməramlı missiya yerinə yetirir. Deməli, Ukrayna-Rusiya qarşıdurması yeni fazaya keçərsə, Azərbaycan maksimum ehtiyatlı siyasət yürütməlidir.  Heç şübhəsiz ki, Azərbaycanın Vətən savaşına açıq müdaxilə etməyən Rusiya hakimiyyəti rəsmi Bakıdan da Ukrayna ilə münasibətlərinin çözülməsində eyni davranış gözləyəcək. Ancaq istisna deyil ki, Azərbaycan rəhbərliyi Kiyevlə Moskva arasında gərginliyin səngiməsi, barışığın əldə olunması naminə fəaliyyətini əsrigəməyəcək, bu kimi siyasəti Rusiya-Türkiyə, Türkiyə-İsrail münasibətlərində gərginliklər yaşanan zaman müşahidə etmişik. Azərbaycan hətta Qərbin anti-İran siyasətində də tərəf olmayıb, barışdırıcı missiyaya üstünlük verməyə çalışıb. Ancaq bu da var ki, 30 ildən çoxdur özü separatizmdən və terrorçulardan əziyyət çəkən Azərbaycan dost Ukraynanın ərazi bütövlüyünə qəsd edən separatizmin meydan sulamasına da susa bilməz.

Ceyhun Məmmədov: Pandemiyadan xilas olmağın yolu karantin qaydalarına  riayət etməkdən keçir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov Musavat.com-a bildirdi ki, Azərbaycan region ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafında, bölgədəki münaqişələrin tez bir zamanda həllində maraqlıdır: “Bu gün Azərbaycan həm Rusiya həm də Ukrayna ilə yüksək qarşılıqlı əlaqələrə malikdir. Bu əlaqələrin dərin tarixi kökləri var. Azərbaycan kimi Ukrayna da uzun illərdir separatizmdən və müharibədən əziyyət çəkirdi. Münaqişənin həlli uzandıqca bölgə xalqı daha çox əziyyət çəkir. 44 günlük Vətən Müharibəsi dövründə Ukrayna Azərbaycana tam dəstəyini ifadə etdi. Bu barədə dəfələrlə bəyanat verdi”.

C.Məmmədov qeyd etdi ki, Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir: “Bu gün beynəlxalq qurumlar həm Azərbaycanın həm də Ukraynanın ərazi bütövlüyünü qəbul edir. Bununla bağlı dəfələrlə mövqeyini ifadə edib. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında, münaqişənin tez bir zamanda bitməsində maraqlıdır. Müharibə xalqlara yalnız bədbəxtlik və fəlakət gətirir. Azərbaycan münaqişənin tez bir zamanda həll olunması üçün prosesə töhfə verməyə hazırdır”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Elxan Şahinoğlu 

“Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbasda müharibə başlasa eynisini Azərbaycan XİN səsləndirməlidir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, yayılan xəbərlərdən sonra Kiyevdəki dostları, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyindəki diplomatlarla əlaqə saxlayıb: “Onlar Ukraynanın şərqində gərginliyin artdığını və atəşkəsin intensiv pozulması hallarının hər an böyük toqquşmalara keçə biləcəyini bildirdilər. Bu hələ ki, genişmiqyaslı müharibə olmasa da, ancaq hadisələrin inkişafı buna doğru gedir. Ukrayna ordusu son illər güclənib, ABŞ-dan modern texnika alınıb. Kiyev ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycan kimi Ukraynanın da buna haqqı var. Ancaq qarşı tərəf də boş dayanmayıb. Donbasdakı separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki, müharibə başlasa, daha çox torpaq zəbt edəcəklər”. E.Şahinoğlu qeyd etdi ki, separatçılar Rusiyanın hərtərəfli dəstəyinə arxayındılar: “Kreml də öz növbəsində Kiyevi hədələməkdə davam edir, müharibənin başlayacağı halda Donbassın Rusiyaya birləşdiriləcəyi açıqlamalarını səsləndirirlər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək verməlidir. Rusiya amilindən çəkinmək lazım deyil. Bəziləri fikirləşə bilər ki, Ukraynaya dəstək versək, bu, Kremlin xətrinə dəyəcək və bizə Dağlıq Qarabağda problem yaradacaqlar. Bu problem onsuz da var. Ukraynadakı hadisələrə gözümüzü yummaqla Rusiyanın bizə dəstəyini artıracağını düşünürüksə, yanılırıq. Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbasda müharibə başlasa eynisini Azərbaycan XİN səsləndirməlidir. Biz Rusiya ilə tərəfdaşlığın əleyhinə deyilik, ancaq müttəfiqlərimizi dəstəkdən də imtina edə bilmərik”.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Ukrayna arasında gərginlik 2018-ci ildə yaranışdı. O zaman Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açmışdı, atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnmiş, hərbçilər yaralanmışdı. Bu dəfə hələlik səhnədə separatçılar var, amma onların arxalandığı qüvvə məlumdur.

E.Paşasoy,
Musavat.com