16 Aprel 2024

Ukrayna savaşından 6 ay ötdü – Təcavüzkar müharibənin “bədnamı” bəllidir, amma nəticəsi…

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən tam 6 ay ötür. Savaşı uzağı iki həftə ərzində bitirəcəyini düşünən rus generallarının bu müddəti hesablayıb-hesablamadığını demək çətindir. Amma görünən odur ki, Ukrayna xalqı öz dövlətini, dövlətçiliyini, onu ərazisini qorumaq uğrunda Rusiya kimi nəhəng və qüdrətli düşmənlə qanlı savaşdan çəkinmədi, 2014-cü ildə Krımda buraxdığı səhvi təkrarlamadı, itirdiyi torpaqlardan belə yalnız vuruşaraq, böyük qurbanlar verərək çəkildi.

Bu ilin fevralın 24-də ilk bombaların atıldığı andan bu yana Rusiya Ukraynada Donetsk vilayətinin, demək olar ki, hamısını, Luqansk, Xerson, Zaporojye vilayətlərinin böyük bir hissəsini, Xarkov vilayətinin 30%-ni ələ keçirməyə nail olub. Rusiyanın 2014-cü ildə işğal etdiyi Krımla quru sərhədin təmin olunması məqsədilə bir vaxtlar Ukraynanın ən gözəl şəhərlərindən biri hesab olunan Mariupol, demək olar ki, xarabaya çevrilib. Şəhəri müdafiə edən əfsanəvi “Azov” hərbi birliyinin qəhrəmanlığı xüsusilə təqdirə layiqdir. Lakin rus hərbçiləri bunun heyfini Ukraynada heç bir günahı olmayan mülki əhalidən çıxıb. Mariupolda ölənlərin sayı gizlədilsə də, onların minlərlə olduğu deyilir.

6 ay ərzində milyonlarla ukraynalı doğma torpaqlarını tərk edib başqa ölkələrə qaçqın statusu ilə üz tutmağa məcbur olub. BMT Qaçqınlar üzrə Ali baş komissarlığının son məlumatına görə, Avropada hazırda 6 milyon ukraynalı qaçqın var. Onlardan 3,7 milyon nəfəri Avropa Birliyinə sığınacaq almaq üçün müraciət ediblər. Doğma yurdlarından didərgin düşmüş ukraynalıarın böyük bir qismi Polşa (1,26 milyon) və Almaniyada (920 min) cəmlənib.

Xəritəyə göz yetirildikdə Rusiyanın “parlaq” qələbə qazandığını düşünmək olar. Lakin rəqəmlərə göz yetirdikdə rusların indiyə qədər qazandıqlarının “Pirr qələbəsindən” başqa olmadığını da görmək mümkündür. Rusiya şərqdə və cənubda qismən uğurlar qazansa da, şimal cəbhəsində, xüsusilə paytaxt Kyev və onun ətraf ərazilərində ağır məğlubiyyətə uğrayaraq geri çəkilib. Cənub cəbhəsində rusların Odessanı dəniz yolu ilə ələ keçirmək planları iflasa uğrayıb. Qəra dənizin sularında Rusiya hərbi-dəniz qüvvələrinin bir neçə gəmisi, o cümlədən elitar “Moskva” kreyseri batırılıb. Rusiya ordusunun Xarkov vilayətinə etdiyi aramsız hücumlar Ukrayna Silahlı qüvvələri tərəfindən dayandırılıb. Bu istiqamətdə Ukrayna ordusu irəliləməyə nail olaraq Rusiya ilə əvvəlki hüdudların bir qismini bərpa edib.

Üstəlik, Rusiya Ukraynada 180 gün davam edən təcavüzkar müharibədə 45550 əsgərini, 1921 tankını və 1033 artilleriya sistemini itirib.

24.02.2022-ci ildə – avqustun 23-dək rusların ümumi döyüş itkiləri belədir:

Şəxsi heyət – təxminən 45 550 (+150) nəfər

tanklar – 1921 (+2) ədəd,

zirehli döyüş maşınları – 4238 (+8) ədəd,

artilleriya sistemləri – 1033 (+1) ədəd,

Reaktiv yaylım atəş qurğuları – 266 (+0),

hava hücumundan müdafiə sistemləri – 146 (+1) ədəd,

təyyarə – 234 (+0) ədəd,

helikopterlər – 198 (+0) ədəd,

Əməliyyat-taktiki PUA-lar – 817 (+2) ədəd,

qanadlı raketlər – 196 (+2) ədəd,

gəmilər / qayıqlar – 15 (+0) ədəd,

avtomobil avadanlığı və tankerlər – 3150 (+1) ədəd,

xüsusi texnika – 99 (+0) ədəd.

Əslində, Rusiya üçün ən böyük itki yuxarıda göstərilən rəqəmlər deyil, onun ümumilikdə ordusu haqqında dünyada mövcud olan mifin (dünyanın ikinci ordusu) dağılması və puç olmasıdır. Savaş Rusiya Silahlı qüvvələrinin həm əməliyyat-taktiki qabliyyətinin aşağı olduğunu, həm də rus hərb sənayesinin nə qədər geridə qaldığını əyani nümayiş etdirdi. Rusiyanın çox öyündüyü ağır texnikalar, qırıcılar bu gün Ukrayna ordusunun əsgərləri üçün asan hədəfə çevrilib. Bundan başqa müharibə Rusiya ordusunun daxildə təchizat problemlərini də üzə çıxardı. Burada RF Silahlı qüvvələrində, hərbi-sənaye strukturlarında baş alıb gedən korrupsiya və talançılığın da rolu az deyil.

Ukraynanın öz itkiləri barədə dəqiq məlumat yoxdur. Ukrayna Silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnının Kiyevdə keçirilən “Müdafiəçilər” adlı forumda səsləndirdiyi rəsmi məlumatda Rusiya ilə savaşda 9 mindən çox ukraynalı hərbçinin öldürüldüyü qeyd olunur. Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski hələ bu ilin iyul ayında “The Wall Street Journal” qəzetinə müsahibəsində Ukrayanın gündəlik 30 əsgərinin həlak olduğunu, təqribən 250 hərbçisinin yaralandığını bildirmişdi. Bu rəqəmlər may və iyun aylarında daha çox olub (ölü sayısı 100-dən 200-ə qədər dəyişib).

Ukraynanın Qərbdən böyük miqdarda silah və ən yeni hərbi texnologiyalar almasının savaşa təsiri misilsizdir. Bu gün ABŞ “HİMARS”ları (reaktiv qurğu) Rusiya ordusunun əsgərləri, xüsusi hərbi infrastruktur üçün əsl bəlaya çevrilib.

Bu sistem Ukraynaya Rusiya Federasiyasının ön cəbhədəki logistika bazalarının, rabitə mərkəzlərinin məhv edilməsi, hərbi qərargahlara, hərbi texnikaların toplandığı yerlərə, habelə onların batareyalarına müntəzəm zərbələr endirmək imkanını verib. Sistem həm optik təminatına, həm də hədəfi vurmaq qabiliyyətinə görə rusların “Uraqan” və “Smerç”lərini qat-qat qabaqlayır.

Bununla Ukrayna ordusu Xerson istiqamətində “rus işğalçılarının, demək olar ki, bütün mövqelərini, o cümlədən iki təchizat xəttini-məşhur Antonovski körpüsünü və Kaxovka su elektrik stansiyasını rahatlıqla vura bilir. Artıq son məlumatlara görə Ukrayna Antonov körpüsünü demək olar ki, sıradan çıxarıb.

Qərbin verdiyi artilleriya sistemləri sayəsində Ukrayna ordusu Xarkov istiqamətində Volçanskdan Kupyanska qədər bütün təchizat xəttini zərbə altında saxlamaq imkanını əldə edib. Bundan başqa son bir həftə ərzində Rusiyanın hücum gözləmədiyi nöqtələrə ağır zərbələr endirilir.

Son bir həftə ərzində Rusiyanın işğalı altında olan Krımda hərbi obyektlərdə bir neçə partlayış olub. Avqustun 9-da Krımın Novofedorovka hərbi aerodromu partladılıb. Avqustun 16-da Canköy rayonunda hərbi obyekt havaya uçurulub. Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi sursatların müvəqqəti saxlanması üçün ayrılmış sahənin ərazisində yanğın baş verdiyini etiraf edib. Eyni gündə Qvardeyskidəki hərbi aerodromda da partlayışlar baş verib.

Əlbəttə, bütün bunlar da Ukraynanın “parlar qəbələləri” olaraq təqdim oluna bilməz. Ukrayna üçün əsl zəfər ən azından itirilmiş torpaqların bir hissəsini, xüsusilə Xerson və Zaporojye vilayətlərini geri qaytarmaq olardı. Bununla bağlı ciddi əks-hücum planlarının olduğu deyilsə də, hələ ki, hər hansı irimiqyaslı əməliyyat həyata keçirilməyib. Rusiyanın isə bölgədə silah və hərbçi toplamağa davam etdiyi gələn xəbərlər arasındadır.

Hər bir halda Rusiya və Ukrayna arasında savaşın gedişatı onun ən az bir altı ay daha uzana biləcəyini göstərir. Nə Ukrayna tərəfi torpaqları itirməsi ilə barışmaq, nə də Rusiyanın qazandıqlarını geri qaytarmaq fikri yoxdur.

Rusiyanın strateji hədəfləri bəllidir. Bu hədəflər onun Avrasyacılıq ideyası altında həyata keçirilməyə çalışılır.

Hələ 2000-ci illərin əvvələrindən Ukraynanı özünün yeni, imperialist Avrasiya layihəsinə çəkməyə çalışan Rusiya “qardaş ölkəni” əks istiqamətə, yəni Qərbə üz tumasına görə cəzalandırır. 2007-ci ildə Rusiya prezident Vladimir Putin məşhur Münhen nitqində “Çoxqütblü dünya” dövrünü gəldiyini vurğulayaması və Rusiyanın artıq mövcud vəziyyətlə barışmayacağını bildirməsi əslində Qərbə “müharibə elanı” idi. Həmin vaxtdan sonra Kreml ilk təcavüzkar aksiyasını Gürcüstanda həyata keçirdi, daha sonra Krımı qeyri-qanuni olaraq ilahqını başa çatdırdı, Ukraynanın şərq torpaqlarının bir hissəni isə işğal etdi.

Ukrayna isə Avrasiyacılığı dövlətçiliyinə təhdid olaraq gördüyü üçün böyük qonşusu ilə mücadilədən çəkinmir. 2013-cü ildə Qərbdən vaxtında və lazımi miqdarda dəstək ala bilmədiyi üçün torpaqlarını itirən rəsmi Kiyev artıq bunu ölüm-qalım savaşına çevirib.

Buna görə də gələcəkdə savaşın necə nəticələnəcəyini indidən söyləmək çətindir. Çünki bu gün döyüş meydanında qarşıya qoyulan planlardan vaz keçmək fikri olmayan iki düşmən üz-üzədir. Qərbin burada əsas qayğısı Rusiyanın məğlubiyyətə düçar olacağını hiss etdiyi andan etibarən son çarə olaraq nüvə silahından istifadə edə biləcəyi perspektividir. Bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin tez-tez xəbərdarlıq etdiyi məlumdur.

Əlbəttə, Kisseincerin vəziyyəti dramatikləşdirdiyini düşünmək mümkündür. Kissincer realpolitikdir, yəni siyasi olayları üzdə olan gerçəkliklərə görə dəyərləndirir. Real siyasətçilər “güclü” olanın qalib gəldiyi fikrinə dayanaraq Ukraynanın bu müharibədə tez düşəcəyini, hətta rəsmi Kiyevin buna görə Krımın və Donbasın işğalı ilə barışması gərəkdiyini düşünməkdədirlər. Buna rəğmən, Ukrayna və onun xalqı bütün bu hesab və proqnozları bu vaxta qədər alt-üst etməyi bacarıb.

Savaş isə öz axarı ilə davam edir. Bu gedişatla müharibə ya Rusiyanın növbəti imperialist qələbəsi, ya da Ukraynanın azadlıq mücadiləsinin zəfəri olaraq başa çatacaq.

Musavat.com