Ukrayna Ali Radası Roma Statutunu ratifikasiya edib
Ukrayna Ali Radası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı “Avropa həmrəyliyi” fraksiyasının üzvü Aleksey Qonçarenkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ali Radanın bu gün keçirilən plenar iclasında 281 deputat müvafiq qanun layihəsinin lehinə səs verib.
Qanun layihəsinə verilən izahat qeydində bildirilib ki, Roma Statutunun ratifikasiyası Ukraynaya Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olmağa imkan verəcək.
Roma Statutu qüvvəyə mindikdən sonra Ukrayna Statutun iştirakçısı olan dövlətlərin Assambleyasının işində iştirak edəcək, eləcə də BCM-in hakim və prokurorlarının seçilməsi üçün namizədliklər təqdim edə biləcək. Roma Statutuna üzvlük gələcəkdə xüsusilə ağır cinayətlərin törədilməsinin qarşısını almağa kömək edəcək.