23 Dekabr 2024

UEFA Bakının qarşısına seçim üçün dörd ssenari qoydu

UEFA Almaniya “Bavariya”sının prezidenti Karl-Haynts Rummeniggenin AVRO-2020-nin bir ölkədə təşkil oluna biləcəyi ilə bağlı fikirlərini şərh etməyib.

“Report”un məlumatına görə, bu barədə qitə futbol qurumundan “RİA Novosti”nin sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, hazırda UEFA Avropa çempionatı ilə bağlı 12 təşkilatçı şəhərlə azarkeşlərin stadionlara buraxılması istiqamətində 4 mümkün ssenarini müzakirə edir. Bunlar oyunların tam dolu tribunalar, ümumi tutumun 50-100 faizi, ümumi tutumun 20-30 faizi önündə və azarkeşsiz keçirilməsidir: “Hər bir şəhər UEFA ilə birlikdə 2-3 uyğun ssenari seçəcək və qarşıdakı həftələrdə müvafiq planlar hazırlayacaq. Yekun qərar martın əvvəlində hər şəhər üçün fərdi olaraq veriləcək”.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.