27 Avqust 2025

Üç qardaş dövlətin Türkmənistanda keçirilən görüşü

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksək səviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxışları bir daha təsdiq etdi ki, türk dövlətləri arasında əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişaf dinamikası artan xətlə davam edir.

Dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələr ölkələrin inkişaf səviyyəsinə təsir edən amillər sırasındadır. Bu və ya digər əlaqələrin güclənməsi dövlətlərarası birliklərin yaranmasında əhəmiyyətli rola malikdir. Müasir və müstəqil Azərbaycan dünyanın müxtəlif birliklərində təmsil olunur, yüksək imicə sahibdir.

Tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk dünyası ilə birliyi də siyasi gücün, iradənin təcəssümüdür. Hazırda Türk dünyası birliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi müstəqil dövlətlər daxildir. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Əlbəttə ki, birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir.

Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar. Əlbəttə ki, bu görüş Türk coğrafiyasında regional sabitlik, dayanıqlı inkişaf və nəqliyyat-tranzit dəhlizlərinin inteqrasiyası baxımından mühüm addımdır. Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş bir daha göstərdi ki, bu üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi mühüm addımdır.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşklilatının əməkdaşı