21 Noyabr 2024

TÜRKSOY Bursada toplandı – Fotolar, videolar

Türkiyənin Bursa şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib.

Musavat.com-un Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin mədəniyyət nazirləri çıxış edərək türk dövlətlərinin birliyinin qorunub-saxlanılması zərurətindən, əməkdaşlığın inkişaf etdirilməsindən bəhs ediblər.

“Qorqud Ata” Türk Dünyası Film Festivalının yüksək səviyyədə keçirilməsi məmnunluqla vurğulanıb və Türkiyə hökumətinə, Bursa şəhər rəhbərliyinə təşəkkür bildirilib. 2023-cü ildə diqqətin türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşaya yönələcəyi xüsusilə vurğulanıb.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib ki, türk dövlətlərinin liderlərinin birliyimizi möhkəmləndirməklə bağlı atdığı inamlı addımlar digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə fəaliyyəti zəruri edir. Nazir 2023-cü ildə hər kəsi Şuşada görməkdən şad olacağını qeyd edib.

Elşad Paşasoy