22 Dekabr 2024

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyinat olub

Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr sərəncamı ilə Türkiyədəki Səfirliyimizin nəzdində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə Samir Əlihəsən oğlu Abbasov təyin olunub.

Samir Abbasov 1980-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunda anadan olub. 1998—2002-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-İnformasiya fakültəsinin bakalavr ixtisası üzrə, 2002-2004-cü illərdə sözügedən fakültədə magistr ixtisası üzrə fərqlənmə ilə başa vurub. Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar Institutunun doktorantıdır. O, Özbəkistanın Beynəlxalq Turon Akademiyası, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistanın Sənət və Mədəniyyət İnstitutunun Fəxri doktorudur.

S.Abbasov əmək fəaliyyətinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında – kitabxanaçı, biblioqraf, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının mütəxəssis, aparıcı mütəxəssis, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti şöbəsində və Nəşriyyat, reklamın təşkili, informasiya şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır.

2013-cü ildən Özbəkistan Respublikasındakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. S.Abbasov həmçinin Azərbaycanın Özbəkistandakı Səfirliyinin mədəniyyət, turizm, təhsil, mətbuat və diaspora məsələləri üzrə birinci katibi vəzifəsini həyata keçirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin saytı və sosial şəbəkələrdəki səhifələrinə nəzər yetirdikdə Mərkəzin ötən müddət ərzində iki ölkə arasında dostluq və mədəni əlaqələr sahəsində aktiv və faydalı layihələrini qeyd etmək mümkündür. Mərkəzin təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan arasında dostluq, mədəni əlaqələr, əməkdaşlığın inkişafına dair çoxsaylı layihələr, işlər həyata keçirilmişdir.

Ötən illər ərzində Özbəkistanın paytaxtı və regionlarında milli mədəniyyətimizin təbliği məqsədi ilə Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəlikləri, ikitərəfli tarixi əlaqələrə dair çoxsaylı konfranslar, mədəni tədbirlər təşkil edilmiş, aparıcı Universitetlərdə, mədəniyyət müəssisələrində Azərbaycanşünaslıq mərkəzləri, ocaqları yaradılmışdır. Mərkəzin təşəbbüsü ilə iki ölkənin 6 şəhəri arasında “Qardaşlaşmış şəhərlər” layihəsi icra edilmişdir.

Mərkəzin həyata keçirdiyi tədbirlər sahəsində Azərbaycana dair Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinin layihələri ilə çap olunmuş çoxsaylı kitab kolleksiyaları, minlərlə kitab Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə olunmuş, kitabxanalarda “Azərbaycan fondları” yaradılmışdır. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına dair 100-dən adda çox kitab Özbək dilinə tərcümə edilərək nəşr edilmiş, 6 sənədli film hazırlanmış, hər il Özbəkistan mətbuatında ölkəmizə dair yüzlərlə məqalə işıq üzü görür, 2014-cü ildən başlayaraq çoxsaylı Özbək mətbuatının nümayəndələrinin Azərbaycana, habelə işğaldan azad edilmiş bölgələrə Mediaturları təşkil edilir.

İlk dəfə olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsər Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən orijinaldan Özbək dilinə tərcümə olunmuş və 2021-ci ildə əsərlər ayrı-ayrılıqda Nizami Gəncəvi ili münasibəti ilə nəfis şəkildə Daşkənddə çap olunmuşdur.

Bu ənənə davam etdirilərək Azərbaycan klassik ədəbiyyatının tanınmış şairləri, mütəfəkkirləri, yazıçılarının əsərləri (İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Əzizə Cəfərzadə, Anar, Yunus Oğuz) Özbək dilinə tərcümə edilərək nəşr edilmiş, hər iki ölkənin Dilçilik Institutlarının iştirakı ilə Azərbaycan-Özbəkcə, Özbək – Azərbaycanca lüğəti və danışıq kitabı hazırlanmış, çap edilmiş, Azərbaycan folklor nümunələri, Kitabi Dədə Qorqud dastanı, Azərbaycan Atalar sözləri kitabları Özbək dilinə çevrilərək nəşr edilmişdir. Mərkəzin apardığı işlər nəticəsində ötən müddət ərzində Özbək müəlliflərin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair onlarla kitabı işıq üzü görmüşdür.

Mərkəzin layihəsi ilə 2017-ci ildə Özbəkistanın 32 gənc və populyar musiqişilərinin iştirakı ilə “Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu” musiqi klipi hazırlanmış, müxtəlif Azərbaycan xalq mahnılarını ifa edən Özbək gəncləri klipdə Azərbaycanın qədim diyarı Qarabağın gözəllikləri, Ermənistan işğalının acı nəticələrinə diqqət çəkərək, səslərini qardaş ölkə Azərbaycanla həmrəyliyə vermişlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin daha bir diqqətçəkən layihəsi – İnternetdə Özbək dili, seqmenti üzrə Azərbaycana dair məlumatların yaradılması və zənginləşdirilməsi üzrə olmuşdur. Ötən müddət ərzində “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair Özbək dilində yüzlərlə bölmə yaradılmış və hazırda bu iş davam etdirilir.

2014-2023-cü illərdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın 10 aparıcı universitetlərində, mədəniyyət müəssisələrində Azərbaycan ocaqları və mərkəzləri yaradılmış və sözügedən Mərkəzlərin dəstəyi ilə Azərbaycan milli mədəniyyəti, habelə Özbəkistanla dostluq əlaqələrinin geniş təbliği həyata keçirilir.

2013-cü ildən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları təşkil olunmuş, 2023-cü ildən isə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan dilinin tədrisinə başlanılmış və bu məqsədlə Azərbaycandan pedaqoqlar cəlb olunmuşdur.

Samir Abbasov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi”, Uğurlu diplomatik fəaliyyətə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan diplomatik orqanlarının yaradılmasının 100 illiyi medalı, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin təsis etdiyi medalla, Türk dünyası ölkələri arasında mədəni-ədəbi əlaqələrin təbliği, bu istiqamətdə çoxsaylı layihələrə görə “TÜRKSOY” təşkilatının medalı ilə, 2021-ci ildə Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi “Dostluq” medalı ilə təltif edilib.

2022-ci il üçün Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri, jurnalist və blogerləri arasında, ümumilikdə 10 mindən artıq respondent arasında keçirilmiş onlayn sorğunun nəticələri əsasında Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrə aid təşkilatlar arasında “İlin ən fəal Mədəniyyət Mərkəzi” nominasiyası üzrə mükafata Ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi layiq görülüb.

İnanırıq ki, Türkiyədə Səfirliyimizin nəzdində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi dövlətimizin uğurlu xarici və mədəniyyət siyasətinə uyğun olaraq qardaş ölkə olan Türkiyədə də milli mədəniyyətimizin daha geniş təbliği və tanıdılması, uğurlu xalq diplomatiyasının həyata keçirilməsi, əməkdaşlıq və qardaşlıq bağlarının sıxlaşdırılması istiqamətində mühüm işlər reallaşdıraraq etimadı doğruldacaq. Mədəniyyət Mərkəzi Səfirliklər arasında xüsusi fəallığı ilə seçilən Türkiyədəki Səfirliyimizə dəstək olaraq iki qardaş ölkə arasında mədəni, humanitar sahədə əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Bu mühüm, strateji və şərəfli işdə yeni təyin olunmuş Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova uğur və müvəffəqiyyətlər diləyirik.