29 Mart 2024

Türkiyə: turistlər ölkəsi – İstanbul, Sivas və Ərzincandan səfər təəssüratı

I YAZI

Qardaş və dost ölkə Türkiyəyə bir neçə gün öncə gerçəkləşən 3 günlük səfərdən хoş təəssüratla geri döndüm. Qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən – noyabrın 15-dən 18-dək davam edən səfər olduqca maraqlı və yaddaqalan oldu. Bu imkanı bizə yaradan Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə öncədən təşəkkür edirəm. 

Qeyd edim ki, bu səfərdə Azərbaycandan olan bir qrup həmkarımla yanaşı, digər ölkələrdən – Qazaxıstan, Qırğısıtan, Bolqarıstan, Rumıniya, Makedoniya və Serbiyadan da jurnalist və blogerlər iştirak edirdilər…

İstanbul Hava limanında azərbaycanlı jurnalistləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Busə xanım qarşıladı. Oradan birbaşa İstanbul boğazı sahilindəki limana (əski adı Qalatəpə) gəldik. Limanda bizi səfər boyu müşayiət edən qrup rəhbərimiz Berkan Taşan, Tarik Eren və Emre Unal qarşıladılar. Kiçik gəzintidən sonra buradakı “Liman” restoranında şam edib “Mövenpçik” hotelinə gəldik. Noyabrın 16-sı səhər tezdən Sivasa, oradan da Ərzincana getdik…

Bu gün dünyanın ən qüdrətli dövlətlərindən olan Türkiyə qədim tarixə, zəngin mədəni irsə malik ölkə kimi istər yerli, istərsə də xarici turistlər üçün də mühüm əhəmiyyət kəsb edir. Hazırda Türkiyə turizmin daha çoх və sürətlə inkişaf еtdiyi və dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biridir. Ölkənin illik büdcəsində turizm sahəsindən əldə edilən gəlir xüsusi çəkiyə malikdir.

İllər üzrə bəzi statistik rəqəmləri müqayisəli təhlil edəndə bu sahədə ciddi uğurların əldə edildiyinin şahidi oluruq. Məsələn, 2002-ci ildə Türkiənin turizmdən olan gəliri 12,4 milyard dollar olmuşdusa, bu rəqəm 2009-cu ildə 26 milyard dollar, 2019-cu ildə isə 38,9 milyard dollara qədər yüksəlib. Pandemiya səbəbindən isə 2021-ci ilin yekunlarına görə bu rəqəm bir az aşağı düşüb. Belə ki, həmin ildə Türkiyəyə 30 milyondan çox turist gəlib və gəlirlər 30,2 milyard dollar təşkil edib. Ancaq bugünlərdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy gələn il üçün Türkiyənin turizm üçün yeni hədəfini açıqlayanda fantastik rəqəmlər səsləndirib: 50 milyon turist və 44 milyard dollar gəlir. Onu da qeyd edək ki, ölkənin Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunun 2023-cü ilədək olan dövr üçün qəbul etdiyi inkişaf konsepsiyasında da əsas məqsədi ölkənin turizm kurortlarının rentabelliyini artırmaq, onları dünyada daha geniş miqyasda tanıtmaq və turizm biznesinin daha yüksək inkişafına nail olmaqdır. Bu məqsədlə hədəf olaraq 2023-cü ilin seçilməsi həm də həmin il Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlıdır.

Nazir Mehmet Nuri Ersoy bu ilin martında yerli telekanallara müsahibəsində bildirib ki, Türkiyənin 2028-ci ildə hədəfi 120 milyon turist və 100 milyard dollar gəlir olmalıdır. Mehmet Nuri Ersoy həmçinin qeyd edib ki, hələ pandemiya dövründə 21 ölkədə televiziyalar vasitəsilə 80-dən çox ölkədə rəqəmsal tanıtımlar edilib və hazırda Türkiyə 120 ölkədə beynəlxalq kanallarda və rəqəmsal platformalarda təbliğat aparır.

Yeri gəlmişkən, Qara, Mərmərə, Aralıq və Egey dənizləri ilə əhatə olunan Türkiyənin tanınmış istirahət mərkəzləri, turistik məkanları daha çox bu dənizlərin sahillərində yerləşir. Ölkənin ən məşhur kurortları da Aralıq dənizi sahillərindədir. Antalya burada əsas yeri tutur və Antalyada 2, 3, 4 və 5 ulduzlu olmaqla 100-dən çox hotel fəaliyyət göstərir…

Yuxarıda sadaladıqlarımda məqsədim budur ki, turistlər daha çox reklam olunmuş yerlərə getdiyindən Türkiyənin digər füsunkar, qədim tarixə malik yerlərinə nisbətən az gedirlər. Halbuki, səfər etdiyimiz Sivas və Ərzincan kimi qədim tarixə malik yerlər heç də digər turistik məkanlardan geri qalmır. Bizim səfərin də məqsədi, məhz həmin məkanlar haqqındaə məlumatlar toplamaq və yaymaqdan ibarət idi. Çünki Sivas və Ərzincanda müşahidə etdiyim, tanış olduğum abidələr yüksək estetik dəyərə malik olmaqla, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyatmaqla, yanaşı Türkiyə mədəniyyətinin ən gözəl nümunələri, qiymətli inciləridir…

(Sivas və Ərzincan səfəri ilə bağlı qeydlər növbəti yazımızda)

Xanoğlan Əhmədov

Istanbul – Sivas – Ərzincan


Türkiyə: turistlər ölkəsi - İstanbul, Sivas və Ərzincandan səfər təəssüratı
Türkiyə: turistlər ölkəsi - İstanbul, Sivas və Ərzincandan səfər təəssüratı
Türkiyə: turistlər ölkəsi - İstanbul, Sivas və Ərzincandan səfər təəssüratı
Türkiyə: turistlər ölkəsi - İstanbul, Sivas və Ərzincandan səfər təəssüratı
Türkiyə: turistlər ölkəsi - İstanbul, Sivas və Ərzincandan səfər təəssüratı