29 Mart 2024

Türkiyə Prezidenti G20 sammitində iştirak etmək üçün İndoneziyaya gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 17-ci sammitində iştirak etmək üçün İndoneziyanın Bali adasına gəlib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Bali adasının Nqurah Rai Beynəlxalq Hava Limanında dövlət başçısını İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin, Bali adasının qubernatoru Vayan Koster, Türkiyənin İndoneziyadakı səfiri Əhməd Cəmil Miroğlu və digər səlahiyyətli şəxslər qarşılayıblar.

Səfərdə Türkiyə liderini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, xəzinə və maliyyə naziri Nurəddin Nebati, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik müşayiət edir.

Sammit çərçivəsində Prezident R.T.Ərdoğanın bir sıra dövlət başçıları ilə görüşləri planlaşdırılıb.

Sammit başlamazdan əvvəl Türkiyə lideri ilə İndoneziya Prezidenti Coko Vidodo arasında geniş tərkibdə görüş keçirəcək.

Tərəflər ikitərəfli münasibətləri nəzərdən keçirəcək, həmçinin rəsmi Ankara ilə Cakarta arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər.