24 Noyabr 2024

Türkiyə ərazisindən keçən Zəngəzur yolunun tikintisini 2028-ci ildə başa çatdırmağı planlaşdırır

Türkiyə Zəngəzur dəhlizinin tikintisini 2028-ci ildə başa çatdırmağı planlaşdırdığını açıqlayıb
Türkiyə ilə türk dünyası ölkələri arasında birbaşa quru əlaqəsini təmin edəcək Zəngəzur nəqliyyat dəhlizinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.

“Marşrutun Azərbaycan hissəsi demək olar ki, tamamlanıb. 224 km uzunluğunda olan Türkiyə hissəsinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır”, – deyə nazir “Yeni Şafak” qəzetinə bildirib.

Uraloğlu xatırladıb ki, Zəngəzur dəhlizinin 43 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir. “Layihənin planlaşdırılması və tender işlərini həyata keçirirlər. İran da Zəngəzur dəhlizinə maraq göstərir. Biz layihəyə qoşulmağa kömək etməyə hazır olduğumuzu bildirərək İran tərəfi ilə danışıqları davam etdiririk”, – deyə türkiyəli nazir qeyd edib.

Azərbaycan dəfələrlə Ermənistanın Sünik rayonu ərazisindən keçərək Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istəyini bəyan edib. Orada avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur. 2023-cü il oktyabrın 6-da Azərbaycan və İran İslam Respublikası ərazisindən ölkənin əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisinə dair niyyət memorandumu imzalayıblar.