Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.Bu görüşdə, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
25 sentyabr tarixində Naxçıvanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri böyük əhəmiyyət kəsb edirdi. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.
Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət edəcəyi vurğulandı.
Azərbaycanla Naxçıvan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin Azərbaycan hissəsi inşa edilməkdədir və gələn ilin sonuna tam hazır olacaq. Bu dəmir yolu xətti Naxçıvan-Qars xətti ilə birlikdə Orta Dəhlizin mühüm halqasına çevrilməklə Şərqlə Qərb arasında ticari-iqtisadi inteqrasiyaya böyük töhfələr verməklə yanaşı, Cənubi Qafqaz regionunun iqtisadi inkişafına da vəsilə olacaq.
Zəngəzur və Naxçıvandan keçən kommunikasiya xətləri Türkiyə ilə Azərbaycanı bir-birinə daha da çox bağlamaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin də regionla əlaqələrini inkişaf etdirərək, Türk dünyası daxilində inteqrasiya proseslərinə töhfə verəcək. Eyni zamanda, İğdır–Naxçıvan qaz kəməri regiondakı digər enerji layihələri ilə paralel şəkildə Avropanın da enerji təhlükəsizliyinə öz töhfəsini verməklə Azərbaycanın və Türkiyənin geostrateji əhəmiyyətini daha da artırmış olacaq.
Türkiyə-Azərbaycan əlaqələri həndəsi silsilə ilə inkişaf etməyə davam edir və bu münasibətlər Cənubi Qafqaz regionuna sülh, sabitlik və inkişaf vəd edir. İki ölkə arasındakı qardaşlıq, nəinki regionun, hətta bütün Avrasiya qitəsinin iqtisadi potensialına töhfə verəcək yeni geosiyasi reallıqlar yaratmaqdadır.
Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini