23 Dekabr 2024

Türkiyə-Azərbaycan birliyi Türk dünyasının gələcək inkişafı üçün önəmlidir

Cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri digər səfərlərdən fərqli bir ortamda baş tutdu. Gərgin və həyəcanlı seçkilərdən sonra cənab Ərdoğanın ilk səfərini ənənəvi olaraq Şimali Kipr və Azərbaycana etməsi hər iki ölkənin Türkiyə Cümhuriyyətində xüsusi önəm daşıdığını bildirir.

Türkiyədə keçirilən son prezident seçkilərində qazanılan qələbəyə görə cənab Rəcəb Tayyip Ərdoğanı təbrik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbənin həyata keçirilən siyasətin nəticəsi olduğunu bildirdi: “Seçkilərdə Sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya çapında böyük güc mərkəzinə çevrilmişdir. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində fəaliyyətiniz Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox mutlu etmişdir. Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.”

Türkiyə modeli üzərində qurulan ordunun gücü və qüdrəti artıq dünyaya məlumdur. Türkiyə və Azərbaycan birgə təlimləri də ardıcıl olaraq davam etdirilir. Cənab Prezident beynəlxalq hüququn indiki zamanda çalışmadığını, siyasətin güc amilinə əsaslandığını bildirərək belə bir şəraitdə ordumuzun gücləndirilməsinin və modernləşdirilməsinin başlıca şərt olduğunu diqqətə çatdırdı.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artırmasını qeyd edən cənab Prezident bildirmişdir ki, Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Bu da gələcəkdə bu nəqliyyat marşrutunun önəmini və iqtisadi gücümüzü daha da artıracaqdır.

Bəyanatının sonunda cənab Prezident bir daha qardaş ölkə Türkiyə ilə münasibətlərin qırılmaz bağlara malik olduğunu xatırladaraq qeyd etdi: “Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.”

Bu gün əminliklə söyləmək olar ki, iki qardaş ölkə rəhbərinin eyni mövqedən çıxış etməsi, eyni fikir və amal uğrunda mübarizəsi bu qələbənin əsasını təşkil edəcək və Türk dünyasının gələcək inkişaf və birlik yolunda mayaka çevriləcəkdir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini