23 Noyabr 2024

Türkiyədən Azərbaycana uçan hərbi təyyarələr nə gətirib – baza söhbəti gündəmdə

Azərbaycan ictimaiyyəti qardaş ölkənin ölkəmizdə hərbi baza qurmasını arzulayır; rəsmi məlumatlar isə fərqlidir; politoloq: “Azərbaycana təzyiq etmək istəyən dövlətlər məmləkətimizdə Türkiyənin hərbi varlığını qəbul edib bizimlə təzyiq dilində danışmaqdan vaz keçəcəklər”

Son günlər davamlı şəkildə Turkiyədən Azərbaycana hərbi təyyarələrin uçduğu, müxtəlif hava limanlarına enən təyyarələrin sayının hətta 40-a çatdığı barədə məlumatlar yayılmaqdadır.

Məlumatlardan biri belə idi ki, Kayseri şəhərindən havaya qalxan Türkiyə Milli Müdafiə Nazirliyinə məxsus “Airbus A400M Atlas” hərbi yük təyyarələri Azərbaycana istiqamətlənib. Hətta gün ərzində 7-ci təyyarənin Azərbaycanın hava məkanına daxil olduğu barədə sosial şəbəkədə tanınmış jurnalist Elçin Alıoğlu paylaşım etmişdi. Kayseridə Türkiyə Quru Qoşunlarının 1-ci əlahiddə xüsusi təyinatlı komando briqadası yerləşir. Güman olunurdu ki, qardaş ölkə Azərbaycanda hərbi baza qurur. Hətta bir sıra xarici media orqanlarında ölkəmizin üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb.

Polkovnik Vaqif Dərgahlı: Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı  bölmələrimiz tərəfindən qətiyyətlə alınıb | "Nuhçıxan" İnformasiya Agentliyi

Vaqif Dərgahlı

Ancaq Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri təkzib edib.  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.

Qeyd edək ki, Azərbaycan ictimaiyyəti Türkiyənin hərbi bazasının ölkəmizdə olmasını çox arzulayır. Əksəriyyət belə hesab edir ki, bu, hansısa güc mərkəzinin Azərbaycana qarşı xain planlarını önləmək üçün qabaqlayıcı və təsirli tədbir olar. Prezident İlham Əliyev hələ Qarabağda döyüşlərin getdiyi oktyabr günlərində Türkiyənin NTV televiziyasına müsahibəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bu barədə mövqeyini ifadə etmişdi. “Bu haqda bu günə qədər bizim ikitərəfli münasibətlərdə məsələlər müzakirə olunmayıb”, – Prezident bildirmişdi. Dövlət başçısı deyib ki, bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var: “Bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir. O cümlədən bu müqavilələrdə hərbi sahədə əməkdaşlıq və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması haqqında hər hansı müzakirə olmayıb”. Prezident İlham Əliyev qeyd edib ki, bizim hərbi sahədə əməkdaşlığımız ildən-ilə güclənir: “Təkcə keçən il 10 birgə hərbi təlim keçirilib. Bu il koronavirusa görə bir az ara verildi və yalnız iki dəfə təlim keçirilib. Ancaq bu hərbi təlimlər də bizim bölgəmizdə böyük əndişə yaratdı. Hesab edirəm ki, bu əndişənin heç bir səbəbi, əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi – bu mənanı daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günə qədər beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan əməkdaşlığı o qədər güclüdür, o qədər geniş şaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir”.

Daha əvvəl isə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı bir sıra fərziyyələr səsləndirilir”, – deyə, bildirmişdi. ABŞ-ın “Vaşinqton Post” qəzetinin məsələ ilə bağlı iddiasına münasibət bildirən səfir qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər zaman bütün istiqamətlərdə inkişaf edib və etməkdədir: “Türkiyə və Azərbaycan bir-birinə hər mövzuda yardım edib və edəcək”, – diplomat əlavə etmişdi.

Bütün bu mövqelər təbii ki, ciddiyə alınmalıdır. Ancaq yenə də Türkiyədən uçan hərbi təyyarələrlə bağlı məlumatların dövriyyədə olması mövzuya həssas yanaşma tələb edir.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Türkiyənin Azərbaycanda hərbi varlığı faktdır və bunu inkar etmək mümkün deyil: “Türkiyənin Azərbaycanda hərbi bazaları mütləq olmalıdır. Bu, Azərbaycanın təhlükəsizliyi və gələcək inkişafı üçün vacibdir. Biz Ermənistanla təkbaşına bacarırıq və müharibədə bunu sübut etdik. Ancaq qarşımızda başqa böyük güclər var. Onlara müqavimət göstərmək üçün strateji müttəfiqimizin hərbi bazaları Azərbaycanda olmalıdır. Azərbaycana təzyiq etmək istəyən dövlətlər məmləkətimizdə Türkiyənin hərbi varlığını qəbul edib bizimlə təzyiq dilində danışmaqdan vaz keçəcəklər”.

E.Şahinoğlu olduqca vacib məsələyə  diqqət çəkdi: “Bəziləri deyir ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və ərazisində başqa dövlətin hərbi bazasını yerləşdirə bilməz. Məgər rusiyalı hərbçilərin Dağlıq Qarabağda varlığı Qoşulmama Hərəkatının prinsiplərinə uyğundurmur? Digər tərəfdən, bizim üçün nə vacibdir: təhlükəsizliyimizi təmin etmək, yoxsa hansısa təşkilata üzvlüyü əlimizdə rəhbəri tutaraq Türkiyənin Azərbaycanda hərbi varlığının əleyhinə çıxmaq? Bizim üçün önəmli olan təhlükəsizliyimizi əbədi təminat altına almaqdır, qalanları ikinci dərəcəli məsələlərdir”.

“Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıqla bağlı müqavilə və ikili razılaşma çərçivəsində ölkəmizə hərbi təyyarələrin uçuşu və Dağlıq Qarabağda minalardan təmizlənmə işində Türkiyənin iştirakı üçün avadanlıqların gətirilməsi gerçəkləşir”.

Azərbaycanlılara Ermənistanda muxtariyyət verilməlidir” – Qafar Çaxmaqlı

Qafar Çaxmaqlı

Bu fikirləri isə ermənişünas alim, politoloq Qafar Çaxmaqlı  bildirdi. Dedi ki, bir sıra hərbi yüklər də ola bilər: “Amma 40 təyyarənin Azərbaycana girişi informasiyasının haradan alındığı bilinmir. Bunu yazan adam mütləq mənbə göstərməlidir. Türkiyə mətbuatında da belə məlumatlar yer almayıb. O yoxdursa, bu, şayiə hesab olunacaq”. Hərbi baza yaradılması məsələsinə gəlincə, Q.Çaxmaqlı dedi ki, Azərbaycanda bu, arzu edilir: “Amma onu reallaşdırmaq üçün hüquqi prosedurlar olmalıdır. Müdafiə Nazirliyi bunu təkzib edirsə, deməkc ona inanmaq lazımdır. Bir də bir şeyi qeyd edim ki, 40 təyyarənin Azərbaycana doğru istiqamət götürməsi və hərbi bazalarla bağlı söz-söhbət, özü də əsassız iddialar zərərli tendensiyadır. Hər əlinə qələm alan adam bu işlərlə məşğul olmamalıdır. Belə ciddi məsələlər həll olunarkən onlar bir az gizli saxlanılır, açıqlanarkən hər şey çılpaqlığı ilə ortaya qoyulmur. 40 təyyarəni kim sayıb? Mən bu fikirdəyəm ki, 44 günlük savaşdan sonra bizim informasiya siyasətimizə çəki-düzən verməliyik. İnformasiya təhlükəsizliyi deyə bir anlayış var…”

Onu da xatırladaq ki, bugünlərdə qardaş ölkədən minaaxtaranların daha böyük bir heyəti Qarabağda çalışmaq üçün gəlib. İstisna olunmur ki, hərbi təyyarələrlə şəxsi heyət və lazımi avadanlıq, texnika daşınıb.

Elşad PAŞASOY,
“Yeni Müsavat”