22 Dekabr 2024

Türkiyə və Azərbaycan Ermənistanla sərhədləri eyni vaxtda açacaq: Amma iki müttəfiq dövlətin ortaq şərtləri yerinə yetirilərsə…

Rəsmi İrəvan sosial-iqtisadi böhrandan çıxmaq üçün Türkiyə ilə sərhədlərin açılmasına can atır; Ancaq Ermənistan əvvəlcə Azərbaycan ilə sərhədlərin demarkasiyasını yekunlaşdırmalı, ərazi bütövlüyünü tanıdığı barədə rəsmi Bakı ilə anlaşma imzalamalı, Türkiyə sərhədlərini tanımalı, ərazi və qondarma “erməni soyqırımı” iddialarından imtina etməlidir…

Ermənistan düşdüyü geopolitik labirintdən çıxmağın yollarını axtarır. Çünki, uzun müddət bu situasiyada qalacağı təqdirdə, sonradan bərpası mümkün olmaya biləcək itkilər ilə üzləşə bilər. Və dövlətin mövcudluğu real təhlükə altında qalar.

Mövcud situasiyadan Ermənistanın çıxarmaq üçün rəsmi İrəvanın yeni “nəfəsliyə” ehtiyacı var. Bu ölkənin çökmüş iqtisadiyyatını dirçəltmək baxımından, ilk növbədə geopolitik və geoiqtisadi blokada şəraitindən xilas olmaq vacibdir.

Ona görə də, rəsmi İrəvanın ilk hədəfinin Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ola biləcəyi qətiyyən istisna deyil. Bu, Ermənistana sosial-iqtisadi böhranı zəiflətmək imkanları qazandıra bilər. Və demoqrafik böhrana da yol açan indiki şəraitdə Ermənistanın tələsmək məcburiyyətində olduğu da diqqətdən yayınmır.

ermeni-koch-5a84410b-b7e3-446f-b831-8cbb338b9eeb_824.jpg (105 KB)

Ermənistanda bu reallığı artıq anlamağa başlayıblar. Xüsusilə də, erməni iqtisadçılar Ermənistanın bundan sonra sosial-iqtisadi böhrana tab gətirmək limitinin qalmadığını iddia edirlər. Onların fikrincə, bu situasiya daha  iki ay eynilə davam edərsə, ölkədə sonradan düzəldilməsi mümkün olmayacaq proseslər başlaya bilər.

Maraqlıdır ki, rəsmi İrəvanın artıq Ermənistanın defolt vəziyyətinə sürətlə yaxınlaşmasından narahat olmağa başladığı da müşahidə olunur. Hər halda, xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə sərhədlərin açılmasının vacibliyindən danışması belə düşünməyə əsas verir.

Halbuki cəmisi bir neçə həftə əvvələ qədər Ara Ayvazyan bu məsələnin ən qatı əleyhdarları sırasında yer alırdı. O, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkün olmadığını vurğulayırdı.  Hətta bunun üçün Türkiyəyə xitabən müəyyən şərtlər irəli sürürdü: “Əgər, Türkiyə Ermənistan ilə sərhədlərin açılmasını istəyirsə, “erməni soyqırımı”nı tanımalıdır”.

Rəsmi Ankara üçün isə hazırda Ermənistan ilə sərhədlərin açılması və ya qapalı qalması demək olar ki, elə bir ciddi prinsipial əhəmiyyət daşımır. Çünki, Ermənistan Türkiyənin geopolitik, geoiqtisadi və geostrateji hədəflərində yer almayan ölkədir. Və Ermənistan ilə sərhədlərin açılması Türkiyəyə elə bir ciddi maliyyə-iqtisadi mənfəət vəd etmir.

nocomment_cadac5becc26362984e11fc8065fd3df_p2qcw9et6vzxjlm1ifko.jpg (46 KB)

Ona görə də, Ermənistan xarici işlər nazirinin Türkiyə qarşısında “sərhəd şərtləri” irəli sürməsi tamamilə mənasızdır. Üstəlik, sərhədlərin açılması Türkiyəyə deyil, məhz Ermənistana daha çox lazımdır. Və bu reallığın Ara Ayvazyanı öz ritorikasına düzəliş etmək məcburiyyətində qoyduğu da müşahidə olunur.

Məsələ ondadır ki, erməni nazir bu dəfə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına əngəl ola biləcək hər hansı səbəbin qalmadığını iddia edib. Onun fikrincə, Türkiyə sərhədlərini Azərbaycan və Ermənistan arasındakı münaqişə ucbatından  qapatmışdı. İndi bu səbəb əhəmiyyətini itirdiyi üçün Türkiyə Ermənistan ilə sərhədlərin açılması istiqamətində addım atmalıdır.

Əlbəttə, erməni nazirin iki ölkə arasındakı sərhəd probleminin həlli ilə bağlı mövzunu gündəmə gətirməsini anlayışla qarşılamaq mümkündür. Çünki, bu, hazırda ən çox Ermənistanın maraqlarına cavab versə də, ümumilikdə regional nəqliyyat-kommunikasiya layihələrinin icrası, ticari-iqtisadi münasibətlərin qurulması baxımından da vacibdir.

Ancaq sərhədlərin sadəcə, Ermənistanın maraqları tələb etdiyi üçün açılması mümkün deyil. Hər halda, buna nail olunması üçün bir neçə önəmli problemin həllinə də ehtiyac olmamış deyil. Və bu baxımdan, rəsmi İrəvanın arqumenti yetərli görünmür.

Məsələ ondadır ki, hazırda Türkiyə-Ermənistan sərhədlərinin qapadılmasına səbəb olan səbəblər öz aktuallığını eynilə qoruyub, saxlayır. Erməni nazirin Azərbaycan ilə münaqişənin yekunlaşması ilə bağlı arqumenti isə demək olar ki, keçərsizdir.

28c9d075b778daf7142e839f31ac5.jpeg (35 KB)

Birincisi, rəsmi Ankara Türkiyənin Ermənistan ilə sərhədlərini Azərbaycanla anlaşmadan açacağı qətiyyən inandırıcı deyil. Belə ki, Ermənistan ilə sərhədlər açılacaqsa, böyük ehtimalla Azərbaycan və Türkiyə bu addımı yəqin ki, eyni vaxtda atacaqlar. Ancaq buna nail olmaq istəyirsə, rəsmi İrəvan bir neçə şərti mütləq yerinə yetirməli olacaq.

Əvvəlcə Azərbaycan-Ermənistan sərhədlərinin ən qısa müddətdə demarkasiyası reallaşdırılmalıdır. Ardınca hər iki qonşu ölkə – Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımaları barədə rəsmi anlaşmanı imzalamalıdırlar. Bu sənəddə Ermənistanın Xankəndi və ətraf bölgənin Azərbaycan ərazisi olduğunu rəsmən tanıması barədə xüsusi maddənin də yer alması vacibdir. Əks halda, rəsmi Bakının Azərbaycan-Ermənistan sərhədlərinin açılmasına razılaşacağı qətiyyən inandırıcı görünmür.

Məhz bu şərtlər yerinə yetirildikdən sonra erməni nazirin Türkiyə-Ermənistan sərhədlərinin açılması baxımından, gündəmə gətirdiyi Azərbaycanla bağlı arqument reallığa yaxınlaşmış olar. Və problemin həlli qarşısındakı önəmli əngəllərdən biri ortadan qalxar.

Ancaq nə Azərbaycan, nə də Türkiyə yalnız bir bu əngəlin ortadan qalxması ilə Ermənistanls sərhədlərini qətiyyən açmazlar. Çünki, digər şərtlərin yerinə yetirilməsi də olduqca vacibdir və prinsipial xarakter daşıyır.

Məsələ ondadır ki, rəsmi Ankaranın Ermənistanla sərhədləri qapatmasında Azərbaycan faktoru yeganə səbəb deyildi. Belə ki, Ermənistan Türkiyənin indi açılmasını tələb etdiyi sərhədlərini hələ də tanımayıb. Üstəlik, Türkiyəyə qarşı ərazi iddialarından da rəsmən imtina etməyib.

pasa-thumbs_b_c_14c179da50908aff701fe87bd59ee234.jpg (51 KB)

Deməli, rəsmi İrəvan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, bu önəmli problemləri həll etmək barədə də düşünməlidir. Yəni Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina etməlidir və qonşusunun sərhədlərini tanımalıdır. Və bu halda, sərhədlərin açılması istiqamətində böyük bir addım atılmış olacaq.

Ancaq fikrincə, heç bu da yetərli olmaya bilər. Çünki, Türkiyə və Ermənistan arasında daha bir böhranlı problem var. Belə ki, rəsmi İrəvanın Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” ilə bağlı sərsəm iddialarından da imtina etməsi lazım gələcək. Və yalnız bu halda, sərhədlərin açılması qarşısındakı bütün problemlər köklü şəkildə həllini tapmış olacaq.

Göründüyü kimi, rəsmi İrəvan istəsə də, sərhədlərin açılması üçün hələ bir müddət gözləmək lazım gələcək. Ermənistan nə qədər tələssə də, bu məsələnin ilk növbədə hüquqi cəhətdən xüsusi həssaslıqla nizamlanması da vacibdir.

Əslində, sərhədlərin açılmasının vaxtını müəyyən etmək indi daha çox rəsmi İrəvandan asılıdır. Rəsmi İrəvan beynəlxalq hüquqla nə qədər tez hesablaşarsa, qonşu dövlətlərin sərhədləri də Ermənistanın üzünə bir o qədər tez bir zamanda açılar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu