Türk hərbçilərin bölgədə olması ermənilərin əl-qolunu bağlayacaq: Bu, həm də Rusiya sülhməramlılarının ölkədən çıxarılma qarantıdır
Bundan sonra Rusiya sülhməramlı qüvvələrinin, yumşaq desək, loyallığına güvənən ermənilər Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilməyəcəklər; Türkiyə hərbçiləri yalnız ermənilərin deyil, elə Rusiya sülhməramlı qüvvələrinin davranışlarına da nəzarət etmək imkanı qazanmış olacaqlar…
Ermənistanın kapitulyasiya sənədini imzalamasından artıq üç aya yaxın bir müddət keçib. Bu müddətdə bölgədə atəşkəsə nəzarət yalnız Rusiya sülhməramlı qüvvələrinə həvalə olunmuşdu. Və bütün baş verənlər yalnız onların nəzarətində idi.
Ancaq artıq bu mərhələ də sona çatdı. Bundan sonra bölgədə baş verənlərə nəzarət yalnız Rusiya sülhməramlı qüvvələrinin öhdəsində olmayacaq. İndi Türkiyə hərbçilərinin də münaqişə bölgəsində nələrin, necə baş verdiyini müşahidə etmək imkanları olacaq.
Bu, Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir, dünyada güvəndiyi ən önəmli dövlətdir. Və Türkiyənin də qatıldığı Rusiya ilə ortaq müşahidə mərkəzinin rəsmən fəaliyyətə başlaması bölgədə sülhyaratma prosesində yeni mərhələyə start verilməsi anlamına gəlir.
Məsələ ondadır ki, bu mərkəzin fəaliyyəti ilə bağlı müəyyən yanlış təsəvvürlər də olmamış deyil. Bəziləri düşünürlər ki, guya ortaq müşahidə mərkəzi yalnız işğaldan azad olunmuş və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olmayan ərazilərdə baş verənləri müşahidə edəcək. Əlbəttə ki, bu, tamamilə yanlış təsəvvürdür. Çünki həmin ərazilərdə baş verənləri müşahidə etmək üçün Türkiyə-Rusiya ortaq mərkəzinə qətiyyən ehtiyac yoxdur. Çünki bu işin öhdəsindən Azərbaycan ordusu asanlıqla gəlmək imkanındadır.
Türkiyə-Rusiya ortaq müşahidə mərkəzi Azərbaycan-Ermənistan sərhədləri də daxil olmaqla, vaxtilə münaqişə bölgəsi hesab olunan bütün əraziyə nəzarət edəcək. O cümlədən də, müşahidə bölgəsinə hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazi də daxil olacaq.
Təbii ki, bu, ümumi vəziyyətin təməldən dəyişəcəyi anlamına gəlir. Əslində, Türkiyə hərbçilərinin bölgəyə gəlişində üç aylıq keçikmənin əsas səbəblərindən birini də məhz bu amil ilə izah etmək mümkündür. Çünki Türkiyə-Rusiya ortaq mərkəzinin formalaşdırılması prosesi uzunmüddətli müzakirə mövzusu olmuşdu.
Məsələ ondadır ki, bəzi məlumatlara görə, Rusiya tərəfi Türkiyə hərbçilərinin bölgədə fəaliyyət səlahiyyətlərinin mümkün qədər məhdud çərçivədə tutulmasına cəhd göstərirdi. Əsas səlahiyyətlərin isə Rusiya sülhməramlı qüvvələrində qalmasına çalışırdı. Ancaq rəsmi Ankara bununla qətiyyən razılaşmaq niyyətində deyildi. Çünki Azərbaycanın strateji müttəfiqi olan Türkiyə bölgədə müşahidəçi statusunda tamaşaçı olmaq rolu ilə barışa bilməzdi. Və bu səbəbdən də Rusiya ilə gərgin, israrlı müzakirələr prosesin üç aya yaxın uzanmasına səbəb oldu.
İndi isə hər şey həll edilib. Türkiyə hərbçiləri öz səlahiyyətlərinin icrasına başlayıblar. Bu reallığı artıq yeni mərhələ, fərqli situasiya kimi də dəyərləndirmək mümkündür. Və Türkiyə hərbçilərinin bölgəyə gəlişinin Azərbaycana bir neçə önəmli üstünlük faktoru qazandırdığını da nəzərə almaq lazımdır.
Birincisi, ATƏT-in Minsk Qrupu formatında aparılacaq müzakirələrdə Azərbaycanın əli daha da güclənmiş oldu. Ən azından ona görə ki, istənilən formatda bu məsələ müzakirə edilərkən, Türkiyənin mövqeyindən yan keçmək mümkün olmayacaq. Azərbaycanın birbaşa istəyi ilə bölgədə hərbi təmsilçiləri olan Türkiyə müzakirələrə daxil olmaq şansı qazanacaq. Və bu, yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu həmsədrləri formatının 3+1 modelinə keçidini təmin edə bilər.
İkincisi, bundan sonra Rusiya sülhməramlı qüvvələrinin, yumşaq desək, loyallığına güvənən ermənilər Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilməyəcəklər. Çünki, anlaşmaya görə, 44 günlük savaşın mövcud nəticələrində böyük pay sahibi olan Türkiyə istehsalı “Bayraktar” PUA-ları bütün bölgədə ən xırda hərəkətə belə, nəzarət edəcək. Bu, Ermənistan üçün artıq fərqli situasiyadır və aşılması da mümkün deyil.
Laçın dəhlizindən keçid məsələsində Türkiyənin konkret mövqeyi isə artıq hər kəsə məlumdur. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu dəhlizdən kimlərin keçə biləcəyinə Rusiya sülhməramlı qüvvələrinin özbaşına qərar verməsinin yolverilməz olduğunu artıq bir neçə dəfə vurğulayıb. O, qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizindən keçənlər üçün Azərbaycanın razılığını mütləq almalıdır. Çünki, Azərbaycan ərazisinə gəliş-gedişə icazə vermək Rusiya sülhməramlı qüvvələrinin səlahiyyətlərinə daxil ola bilməz.
Təbii ki, bu önəmli məqam Rusiya sülhməramlı qüvvələrinə güvənərək, ermənilərin müxtəlif təxribatçı addımlar atmaq imkanlarını məhdudlaşdırır. Halbuki, savaş dövründə olduğu kimi, indi də ermənilər Rusiyanın Ermənistanın maraqlarına dəstək verə biləcəyinə ümidlidirlər.
Düzdür, savaş dövründə Rusiyanın neytral mövqe tutmağa üstünlük verməsi ilə bağlı görüntü mövcud idi. Ancaq Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan bunun əksini iddia edir: “Məlum səbəblərdən detalları açıqlamayacağam. Amma birmənalı olaraq, deyə bilərəm ki, davam edən müharibə şəraitində Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələn hər şeyi etdi”.
Əgər, bu, doğrudursa, deməli, Azərbaycan cəmiyyətində Rusiya sülhməramlı qüvvələrinə yönəlik etimadsızlıq əhval-ruhiyyəsi o qədər də əsassız deyil. Bu baxımdan, Rusiya siyasi dairələrinin “yeni müharibə, yeni ərazilər” sərsəmləməsinin müəllifinin bu iddiasına da aydınlıq gətirməsi olduqca vacibdir.
Ancaq istənilən halda, bundan sonra həm ermənilər, həm də Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazilərində indiki kimi sərbəst davrana bilməyəcəklər. Türkiyə hərbçiləri yalnız ermənilərin deyil, elə Rusiya sülhməramlı qüvvələrinin davranışlarına da nəzarət etmək imkanı qazanmış olacaqlar. Anlaşmalara zidd davranışlara dərhal operativ və konkret hərbi-siyasi reaksiya veriləcəyi qətiyyən istisna deyil.
Yəni, bundan sonra bölgədə, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fominin də dediyi kimi, ortaq əməkdaşlıq mühiti ön plana çıxacaq: “Bölgədə stabil sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə Rusiya və Türkiyə Müdafiə Nazirlikləri arasında Qarabağda atəşkəsə, eləcə də, bütün hərbi əməliyyatlara nəzarət üzrə Birgə Mərkəzin yaradılmasına dair qarşılıqlı sıx əməkdaşlıq mövcuddur”.
Nəhayət, üçüncü önəmli məqam ondan ibarətdir ki, anlaşmaya görə, Rusiya sülhməramlı qüvvələrinin əsas öhdəliyi Xankəndi və ətraf bölgədə erməni sakinlərin dinc yaşayışı üçün şərait yaratmaqdan və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etməkdən ibarətdir. Bu nəticəyə nail olduqdan sonra tərəflərdən birinin tələbi olacağı təqdirdə, bölgəni dərhal tərk etməlidirlər. Və bütün bunlar üçün cəmisi beş illik bir müddət nəzərdə tutulub.
Ancaq analoji anlaşmalar ilə bağlı xoşagəlməz örnəklər də mövcuddur. Belə ki, Rusiya sülhməramlı qüvvələri Gürcüstan və Moldovadan hələ də çıxmayıblar. Halbuki, onların həmin ölkələrə gəlişindən artıq 30 ilə yaxın bir müddət keçib.
Ona görə də, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandakı missiyasının həmin örnəklərdə olduğu kimi, onilliklər boyu uzanmasına imkan vermək olmaz. Və Rusiyanın öz sülhməramlı missiyasını uzada biləcəyi situasiyanı yaratmağa yönəlik bütün davranışlarının qarşısı qətiyyətlə alınmalıdır.
Təbii ki, bu baxımdan, Türkiyə hərbçilərinin bölgədə fəaliyyəti böyük önəm daşıyır. Belə ki, Türkiyə hərbçiləri bölgədə erməni separatizminin əl-qol açmasına yönəlik prosesləri izləmək imkanında olacaqlar. Eyni zamanda, bu, həm də Rusiya sülhməramlı qüvvələrinin erməni separatizminə “reaksiya”sını təhlil edib, nəticə çıxartmaq imkanı deməkdir. Yəni, əslində, Türkiyə hərbçiləri dolayısı ilə Rusiya sülhməramlı qüvvələrinin davranışlarını da müşahidə edə biləcəklər.
Digər tərəfdən, Türkiyə hərbçilərinin bölgədə olması, Rusiya sülhməramlı qüvvələrinin zamanı gəldiyində bölgədən çıxarılmasının təminatı rolunu da oynaya bilər. Çünki, sülhməramlı missiyaya ehtiyac qalmadığı dəqiqləşdikdə rəsmi Ankaranın Rusiya ilə bölgədən çəkilmə mövzusunu müzakirəyə çıxaracağı qətiyyən şübhə doğurmur. Bu baxımdan, Türkiyə hərbçilərinin bölgəyə gəlişi, yaxın gələcəkdə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasında da hərbi-siyasi qarantiya rolunu oynaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu