23 Dekabr 2024

Türk dünyasının birliyi, həmrəyliyi daha da möhkəmlənir

Azərbaycan Türk Şurasına sədrlik etdiyi dövrdə bu birliyin təmin edilməsi istiqamətində biri-birindən mühüm addımlar atdı. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşü keçirildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu ilin fevralında qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatına, dağıntılara səbəb oldu. Azərbaycan ilk dəstək göstərən ölkə oldu. “Biz sizinləyik qardaş Türkiyə” devizi altında həyata keçirilən yardım kampaniyası dünyaya Türk dünyasının növbəti birlik mesajı oldu. O da məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi.

Hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, iştirakçı ölkələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın atdığı hər addımında əlalətə və beynəlxalq hüquqa söykənməsi, dünyaya bununla bağlı çağırışlar etməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Sözügedən tədbir, eyni zamanda, Azərbaycanın təkmil dirçəliş modelinin dünyaya təqdim edilməsində öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev çıxışında bu statistik rəqəmə diqqəti yönəltdi ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard dolların ayrılacağı nəzərdə tutulur. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsi oldu. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  yaradıldı. O vaxt Sazişi dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdılar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi ilə  Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına  çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü – Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi