23 Dekabr 2024

Türk dünyası böyük bir ailədir

Azərbaycan türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün daim fəal təşəbbüslərlə çıxış edir. Dövlətimizin bu mövqeyi digər türk ölkələri tərəfindən də təqdir olunur. Noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə də bu amil bir daha vurğulandı. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan və Şimali Kipr də müşahidəçi qismində təşkilata qoşulub. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. Təşkilatın katibliyi İstanbulda yerləşir. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Türk Dövlətləri Təşkilatı Zirvə görüşündə dövlətimizin başçısı çıxışında bildirdi ki, cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi.

Ölkəmiz həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Azərbaycanın bu birliyə töhfələri davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci ildə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi məhz türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi