26 Noyabr 2025

Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

Oktyabrın 6-7-də dünyanın gözü Qəbələdə idi. Bu zamanda Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi, Türk Dövlətləri Təşkilatı dünyaya sülh və təhlükəsizlik mesajları verdi. Eyni zamanda, bildirildi ki, Türk Dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və qarşıdakı dövr üçün əməkdaşlıq yol xəritəsi müəyyənləşdiriləcək. Bir daha gördük ki, Türk Dövlətləri Təşkilatı dünya sülhü və təhlükəsizliyi naminə getdikcə güclənən bir quruma çevrilir. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir. Türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı Türk dünyasının gələcək inteqrasiyasının əsas konturlarını və əməkdaşlığın prioritet istiqamətlərini nümayiş etdirir. Təhlükəsizlik olmadan siyasi-iqtisadi sabitlik mümkün deyil. Məhz buna görə də TDT-nin gələcək strateji gündəliyində müdafiə və təhlükəsizlik sahəsində koordinasiya xüsusi yer tutur. Bu məsələlər, həmçinin Azərbaycanın sülh gündəliyinin əsas prinsipləri ilə uzlaşır. Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

Ölkəmizin ev sahibliyi etdiyi bu Zirvə görüşü regionda sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində atılan məqsədyönlü addımların davamı olub. Qəbələnin həmin tədbir üçün məkan olaraq seçilməsi təsadüfi deyil, şəhərin zəngin tarixi irsi, mədəni dəyərləri və strateji mövqeyi türk dövlətləri arasında formalaşan həmrəyliyin bariz nümunəsinə çevrilib.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı