09 Dekabr 2022

Tramp Ukrayna ilə bağlı hərəkətə keçdi

ABŞ Konqresinin Nümayəndələr Palatasında çoxluğu ələ keçirən respublikaçılar Konqresin Ukraynaya ayırdığı vəsaitə yenidən baxılması üçün qətnamə hazırlayıblar.

Media1/az xəbər verir ki, sənədin hazırlanmasına corciyalı konqresmen Marcori Teylor Qrin rəhbərlik edir.

“The Hill” saytının məlumatına görə, həm Nümayəndələr Palatasında, həm də Senatda Kiyevə əlavə yardımı dəstəkləyənlər daha çoxdur. Sənədin mətninin özündə də buna imza atan konqresmenlər əslində Ukraynanın dəstəklənməsinə qarşı çıxmadıqlarını, lakin vəsaitlərin bölüşdürülməsinə nəzarətin gücləndirilməsini zəruri hesab etdiklərini bildiriblər.

Qeyd edək ki, Co Bayden administrasiyası Ukrayna üçün hərbi sahəyə 20 milyarddan çox, humanitar sahəyə 10 milyard, iqtisadiyyatın bərpası üçün isə təxminən 13 milyard dollar pul ayırıb. Bundan əlavə, Bayden Konqresi Ukraynaya əlavə 37,7 milyard dollar ayırmağa çağırıb.

Qrin öz qətnaməsini imtiyazlı sənəd kimi təqdim edib. Bundan sonra Konqresin müvafiq komitəsi ya qanunvericilik təşəbbüsünün rədd olunması, ya da onun Palatanın ümumi iclasına çıxarılması barədə iki həftə ərzində qərar verməlidir.

Marcori Teylor Qrin ifrat sağçı siyasətçi sayılır və bu həftə 2024-cü ildə prezidentliyə yenidən namizəd olmaq niyyətini açıqlayan keçmiş ABŞ prezidenti Donald Trampın qızğın tərəfdarlarından hesab olunur.