22 Dekabr 2024

Tövlədə kişidən arvadına qarşı dəhşətli əməl – Şok təfərrüat

Füzuli rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Piriyev arvadı Sülhiyyəni öldürməyə cəhd edib.

Media1.az Teleqraf.com-a istinadən əldə etdiyi xəbərə görə, İlqar 4 iyun 2019-cu il tarixdə saat 8 radələrində 2008-ci ildən rəsmi nikahda olduğu arvadı Sülhiyyə ilə birlikdə yaşadıqları Füzuli rayonu, Böyük Bəhmənli kəndindəki evin həyətyanı sahəsində olan tövlədə iş görüb.

Sülhiyyə ona Bakı şəhərindəki “Sədərək” Ticarət Mərkəzinə getmək istədiyini bildirib. İlqar onun bu istəyinə etiraz edib.

Buna baxmayaraq, Sülhiyyə ərinin qadağasına məhəl qoymayıb və mütləq “Sədərək”ə gedəcəyini təkidlə bildirib. İlqar arvadının bu hərəkətlərindən qəzəblənib. Əlində olan çəkiclə arvadının baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Daha sonra Sülhiyyənin ölmədiyini görüb və hər iki əli ilə onun boğazından tutaraq boğub.

Huşsuz vəziyyətdə olan Sülhiyyənin öldüyünü güman edən İlqar sürüyərək onu tövlədən çıxarıb və həyətə atıb.

Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən Sülhiyyə vaxtında xəstəxanaya çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan İlqarın müdafiəçisi Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib. Müdafiəçi şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını, İlqarın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bu şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Apelyasiya şikayəti təmin olunmayıb.