23 Dekabr 2024

Tolerantlığın və demokratik yanaşmanın təcəssümü

Prezident İlham Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib, yerli və xarici media nümayəndələrinin suallarını cavablandıraraq mühüm bəyanatlar verib. Dövlət başçısının bu səfəri işğaldan azad edilən bölgələrin yenidən bərpası prosesi ilə tanış olmaqdan daha çox, siyasi xarakter daşıyırdı. Çünki dövlət başçısı səfəri çərçivəsində Xocalı rayonunun işğaldan azad edilən Çanaqçı və Sığnaq kəndlərində olub.

Cənab prezident öz çıxışında Azərbaycan və Türkiyə qardaşlığının təkcə regionda deyil, dünyada məlum bir fakt olduğunu nəzərə çatdırdı. İki ölkə arasında olan mövcud qardaşlıq əlaqələrinin regional inkişaf və sabitlik baxımından çox mühüm amil olduğunu bildirdi.

Ölkə başçısı məğlub ölkə Ermənistana siyasi dildə anlatmaq istəyib ki, Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyadan başqa alternativi yoxdur və bununla bağlı verdiyi bəyanatlar qüvvədədir. O, həmçinin erməni icmasının Azərbaycanda sülh və təhlükəsiz yaşamasına təminat verməyə hazır olduğumuzu bildirib.

Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işidir və hər hansı üçüncü və ya revanşist, irredenstist qüvvələrin burada təxribatçı cəhdlərinə imkan verilməyəcək.

Torpaqlarımız azad edildikdən sonra ölkəmizə qarşı potensial təhlükə görmədiyimiz, ölkədə sabitliyin olduğu, cəmiyyətdə həmrəyliyin səviyyəsinin heç vaxt olmadığı qədər yüksək olduğu, həmçinin bu sabitliyin ölkənin iqtisadi inkişafına olduqca təsirli olması diqqətə çatdırılmışdır. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur. Prezident ilk olaraq bəyan etdi ki, Şuşa Azərbaycanın cəsarət rəmzidir. Bu o demək idi ki, artıq Azərbaycan bu torpaqlara əbədi dönüb və buranın əbədi sahibidir.

Dövlət başçısı bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni, bu, ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar – Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində.

Ancaq bu proses tədricən gedir. İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da bildirməliyəm ki, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq.

Mən Laçın şəhərinin timsalında deyə bilərəm ki, bu şəhər cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial obyektlər də inşa edilir.

Ona görə növbəti beş il ərzində əminəm ki, azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı, əlbəttə ki, daha genişmiqyaslıdır. Çünki məsələn, əgər Ağdam şəhərini götürsək, işğaldan əvvəlki dövrdə bu şəhərdə təqribən 40, bəlkə də 50 min insan yaşayırdı. Bizim Baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar.

İkincisi, Azərbaycan Prezidenti yenidən baş qaldırmaq istəyən revanşistlərə və onların havadarlarına mesajlarını ünvanladı ki, cəhdləriniz əbəsdir. Hər şeydən xəbərdarıq və istənilən ssenariyə hazırıq.

“Biz revanşist ideyaların istənilən ssenarisinə hazır olmalıyıq. Bunun üçün də İkinci Qarabağ müharibəsi bitən kimi, yenidən müdafiə qabliyyətimizi gücləndirmək istiqamətində dərin islahatlar keçirməyə başlamışıq. Bu gün ordumuz 3 il əvvəlki ordudan da daha qüdrətlidir. Çünki bu gün beynəlxalq hüquq normaları pozulur və beynəlxalq hüququn təmin olunmasına selektiv yanaşma mövcuddur. Beynəlxalq hüquq işləməyəndə, atılan imzalara əməl olunmadığı zaman sülhün təminatçısı ancaq güc olur. Dünyada gedən mürəkkəb geosiyasi proseslər yarana biləcək təhlükələri istisna etmədiyindan buna hazır olmalıyıq. Biz gücümüzü artırmaqla həmin gələcək təhlükənin öhdəsindən gələ bilirik”, – Azərbaycan Prezidenti bəyan edib.

Ölkə başçısının növbəti mühüm mesajı Türkiyənin Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasındakı müstəsna rolu idi. Azərbaycan Prezidenti dünyaya açıq mesaj verdi ki, bu gün Türkiyə Cənubi Qafqazda inkişaf və sabitlik adasının yaranmasında çox mühüm bir faktora malikdir və biz onun rolunu yüksək qiymətləndiririk.

Azərbaycan Prezidentinin “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq.Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır” – bəyanatı ciddi məqamlardan xəbər verir. Bu iki qardaş ölkənin bölgə ilə bağlı gələcək planlarından və kimsənin Ankaranın bölgədəki rolunu küçümsəmək cəhdinə qarşı verdiyi sərt reaksiya idi.

Həmçinin çıxışda qeyd edildi ki, Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır. Biz utana biləcəyimiz və ya “bəli, bax, burada biz haqsızıq” deyəcəyimiz heç bir şey etməmişik. Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə vəziyyət, habelə nəzarət-buraxılış məntəqəsinin açılışı üstünlüyümüzün sübutlarıdır. Bütövlükdə səfər və verilən mesajlar bütün proseslərin nəzarətdə olduğu və diqqətlə izlənildiyinə işarə idi.

Bu eyni zamanda Ermənistanın yenidən sülh proseslərini pozmağa qarşı ikili oyunu ilə bağlı ciddi xəbərdarlıq mesajı idi.

Səbuhi Qasımov- Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi