25 Aprel 2024

Tərtər rayonunda “Zəfər Günü” münasibəti ilə məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.

06 noyabr 2022-ci il tarixində Tərtər rayon İcra Hakimiyyətinin, Tərtər rayon Mədəniyyət Mərkəzinin və Tərtər rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 08 Noyabr “Zəfər Günü” münasibəti ilə məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.

Ekskursiya çərçivəsində məktəblilərə muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsirlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Onların sırasında mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ictimaiyyətə təqdim olunmasında son vaxtlar bölgələrdə rəmzlər muzeylərinin yaradılması ölkəmizin mədəni həyatı üçün çox mühüm yenilikdir.

Belə muzeylərin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Dövlət Rəmzləri Muzeylərinin əhəmiyyətini artıran və onları dünyada mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət də buradakı eksponatların Azərbaycanın dövlətçilik tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə aid dövlətlərin bayraqları, sikkələr, tarixi keçmişə dair bir çox materiallar bu muzeylərin qiymətli eksponatları sırasına daxildir. Bu baxımdan Tərtər rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də eksponatlarla zəngindir.