19 Aprel 2024

“Tərtər işi”ndə ittiham olunan general və 8 nəfərin işi məhkəməyə göndərildi – dəhşətli işgəncələr…

“Tərtər işi”nə görə 9 nəfərin işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Artıq bu işlərdən ikisi hakim Camal Ramazanovun icraatına verilib. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində 2017-ci ilin mayında tabeliklərindəki hərbi qulluqçulara və sıravi əsgərlərə işgəncə verməkdə şübhəli bilinən hərbi hissə rəhbərliklərinin istintaqı davam edir.

Musavat.com xəbər verir ki, istintaqa cəlb olunanların epizodlar üzrə istintaq hərəkətləri və dindirmələri başa çatdıqdan sonra onlar hissə-hissə məhkəməyə verilirlər.

3 ayrı iş üzrə təqsirləndirlən ümumilikdə 9 nəfər də bu qəbildən olan hərbçilərdir. “Tərtər işi” üzrə zərərçəkmişlərin ümumi sayı 700 nəfərdir. Bu 9 nəfərin cinayət işi üzrə məhkəməyə göndərilən üç ayrı-ayrı icraata verilmiş işlərdə 700 nəfərin təxminən 100-ə yaxınının adı qeyd olunub.

“Tərtər işi” ilə bağlı ittiham olunanlardan biri general-mayor Bəkir Orucovdur.

O, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib. 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatı təzələndikdən sonra həbs edilib. Bəkir Orucov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilib.

İşi məhkəməyə göndərilənlərdən biri də ədliyyə mayoru Rahib Məmmədovdur. Həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir. Rahib Məmmədovun “Həyat eşqi”, “Sevgi dünyam”, “Zirvəyə doğru” adlı kitabları nəşr olunub. Bundan başqa, “Sarıqamışdan gələn məktub”, “Qisas”, “Türkmənçay” romanlarının müəllifidir. Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.

“Tərtər işi” ilə bağlı ittiham olunan daha dörd hərbi qulluqçu – Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərov da işgəncə verməkdə təqsirləndirilir. Üç ayrı iş üzrə 200 nəfərə yaxın zərərçəkmiş var.

Təqsirləndirlən şəxslər 2017-ci ilin mayında işgəncələrin təşkilində və verilməsində birbaşa iştirak ediblər. İşgəncələr ayrı-ayrı 3 hərbi hissədə verilib. Məhkəməyə göndərilmiş iki 2 cinayət işi Birinci Ordu Korpusunun tərkibindəki hərbi hissələrdə hərbi qulluqçulara işgəncə verilməsi ilə bağlıdır. Birinci Ordu Korpusunun rəhbəri Hikmət Həsənov olub. Uzun müddətdir ki, o, həmin vəzifədən çıxarılıb. Üçüncü cinayət işi İkinci Ordu Korpusuna aid olan hərbi hissələrdəki hadisələrlə bağlıdır. İkinci Ordu Korpusunun rəhbəri isə Mayis Bərxudarov olub.

Maraqlıdır ki, onlar korpusların ərazisində aylarla davam etmiş işgəncələrdən xəbərsiz olduqlarını bildiriblər.

Bəs bu cinayətlər nədən qaynaqlanıb?

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin direktoru Rəsul Cəfərli iş üzə zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkillərdəndir. Bu ictimai birlik “Tərtər işi”ylə bağlı son dövlərdə hüquqi addımların atılmasıyla məşğul olub.

Hüquq müdafiəçisi Rəsul Cəfərli deyir ki, cinayət işində “adamlara niyə işgəncə verilib” sualına cavab yoxdur.

İşgəncələr isə dəhşətli olub. Birinci və İkinci Ordu Korpuslarının ərazisindəki hərbi hissələrdə xüsusi binalar ayrılıb. Hərbi qulluqçuların və əsgərlərin bədəninə mina zərərsizləşdirən aparatlarla cərəyan verilib, ağız boşluqlarında elektrik lampaları partladılıb, işgəncələrdə taxta və dəmir dəyənəklərdən istifadə olunub.

Rəsul Cəfərli: “İkinci korpusla bağlı danışsaq, orada qərargah rəisi general Bəkir Orucov olub. 2017-ci ilin mayında o, həmin korpusun qərargah rəisi olub. Ondan əlavə, həmin iş üzrə hərbi hissələri əhatə edən bir neçə hərbi hüquqşünas olub. Onlar ilkin tədqiqatda, sonrakı istintaq mərhələlərində verilən işgəncələrdə iştirak ediblər. Digər iki işi götürəndə isə, orada da mühakimə olunacaq şəxslərdən ikisi hərbi hissə rəhbərliyində olub. Biri hərbi hissənin komandiri, digərisə onun müavini olub. Digər təqsirləndirilən şəxslərsə əsasən tabeçilikdə olan hərbi qulluqçular olub. Onların arasında zabitlər, MAXE-lər, gizirlər olub”.

“Tərtər işi” üzrə 700 nəfər zərərçəkmiş tanınıb. 14 nəfər işgəncələrdən dünyasını dəyişib. Zərərçəkmişlər və onların qohumları davamlı olaraq bu işgəncələrdən mətbuatda və sosial şəbəkələrdə danışırlar. Zərərçəkmişlər işgəncə alətlərini müxtəlif cür təsvir edirlər. Diyircəkli, kəsici və sair dəyənəklər… İşgəncələr arasında ən amansızı bədənə elektrik verilməsi, elektrik lampasının işgəncə qurbanının ağzında partladılması, zorlama, işgəncə qurbanının başının boğulanadək suda saxlanması və sair. İşgəncələr üçün əvvəlcədən yüksək hazırlıqlar görülüb və korpusların tabeliyindəki üç binada işgəncə otaqları ayrılıb.

Proseslər 2016-cı ilin oktyabr-noyabr aylarından başlayıb. 2017-ci ilin mayında daha geniş miqyas alıb. İşgəncə verilənlər 2016-cı ilin aprel döyüşlərindəki uğursuzluqlara görə dövlətə xəyanətdə günahlandırılıblar. İşgəncələrdən ölənlər və həbsdə olanlar sonradan bəraət alıb, əvəzində işgəncə verənlər həbsə alınıb. Onların sayı 20-dən çox olsa da, vəkillər hesab edir ki, 700 nəfərə işgəncə vermək 20 adamın yox, daha çox adamın işidir.

Vəkil Rəsul Cəfərlinin sözlərinə görə hazırda əsasən icraçılar məsuliyyətə cəlb olunub: “Ancaq burada təkcə məsələ icraçılardan ibarət deyil. Təşkilatçılar da məsuliyyətə cəlb olunmalıdır. Bu işdə daha çox Hikmət Həsənovun və Nəcməddin Sadıkovun adı çəkilir. Ortalığa sual çıxır ki, Birinci Ordu Korpusunun ərazisində 2 ay ərzində yüzlərlə insana işgəncə verilir, necə olur ki, korpus komandirinin və müavinlərinin bundan xəbəri olmur? Üstəlik, elə zərərçəkənlər var ki, onlar özləri birbaşa həmin şəxslərin adlarını çəkir”.

Elşən Məmmədəliyev