29 Mart 2024

“Tərtər işi” ibtidai istintaqa qaytarılır

Noyabrın 10-da Gəncə Hərbi Məhkəməsində “Tərtər işi” üzrə daha 7 nəfərin məhkəməsi başlayıb. Qısa çəkən məhkəmədə hakimin çıxardığı qərarla Babayev Orxan Nəriman oğlunun, Aibov Emin Hörmət oğlunun, Abdullayev Zaur Akif oğlunun, Xəlilov Vəli Savxoz oğlunun, Rzayev Nicat Qabil oğlunun, Quluzadə Natiq Altay oğlunun, Tanrıverdizadə Yalçın Əmir oğlunun “Cinayət işi” təkrar baxılması üçün icraatı yenilənmiş istintaqa qaytarılıb.

Media1.az xəbər verir ki, daha bir “Tərtər məhbusu” ilə bağlı isə Gəncə Apellyasiya məhkəməsi qərar verib. Məhkəmə 5 ildir ki, həbsdə olan Emil Əliyevin barəsində çıxarılmış hökmü ləğv edib, iş materiallarını təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.

Bu ayın əvvəli Gəncə Apellyasiya məhkəməsi daha 11 nəfərin hökmünü ləğv edərək birinci instansiya məhkəməsinə göndərib. Hökmləri ləğv olunmuş məhbuslar Orucov Rauf Rəşad oğlu, Zeydullayev Sultan Ramazanoviç, Əhmədov Faiq Əlibəy oğlu, Rəhimov Atabəy Müqabil oğlu, Əliyev Nasif Mehman oğlu, Əhmədli Müşviq Seymur oğlu, Qasımov Məcid Kamal oğlu, İbrahimli Turan Maarif oğlu, Mehdiyev Mirpaşa Zahid oğlu, Quliyev Əlizamin Ələmdar oğlu, Adilzadə Emin Qədir oğludur. Ancaq bu dəfə onların işinə Tərtər Hərbi Məhkəməsində yox, Gəncə Hərbi Məhkəməsində baxılacaq.

Yuxarıda adları qeyd olunan və dövlətə xəyanətdə təqsirləndirilərək məhkum edilmiş şəxslər keçmiş hərbçilərdir. Onların barəsindəki hökm və qərarlar hələ bir neçə il əvvəl Ali Məhkəmədə qüvvədə saxlanmışdı. Lakin icraat yenilənəndən sonra Baş prokuror Ali Məhkəmənin Plenumuna məktub göndərib. Yeni açılmış hallar əsasıyla sentyabrın 30-da Ali Məhkəmənin qərarı ləğv edilib və işlər yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra həmin hadisələr zamanı həbs olunan şəxslərdən 26 nəfərə bəraət verilib. Aralarında general və polkovniklər də olmaqla, 12-dən çox şəxs isə “Tərtər işi”ndə tutulanlara işgəncə vermək ittihamı ilə həbs edilib.

E.Məmmədəliyev