24 Dekabr 2024

Televiziya tamaşaçısı nəyə baxmaq istəyir?

10 il əvvəl internet qəzetləri (yəni xəbər saytları) klassik qəzetləri üstələməyə başladığı kimi, eyni proses televiziya sahəsində də gedir – internet TV-ləri klassik TV-ləri üstələməkdədir.

10 il əvvəl çap mediasında çalışanların xeylisi asanca internet qəzetlərə transfer olundular, nyu-media resurslarında çalışmağın texniki tərəflərini qısa müddətdə öyrəndilər, kağızda yazı yazmağın başını buraxdılar, sayt, portal işlətməyə keçdilər.

Uğurlu da alındı. Əgər 10 il əvvəl böyük tirajı olan qəzetlərin ən populyarı 20 min oxucu-alıcıya malik idisə, indi çoxu 40-50 min oxucuya, izləyiciyə malikdir. “100, 200 min unikal ay-pimiz var” deyənlər də var, amma bu, mübahisəli mövzu olduğundan burda duraq.

Klassik TV-lərdə isə vəziyyət başqa cürdür. Onlar köhnə vaxtlardakı bir neçə milyonluq auditoriyalarını əsaslı şəkildə itiriblər, amma yenə də dağ başından tutmuş paytaxtın mərkəzinə qədər, hər yerdə izləyiciləri var.

İndi televiziya tamaşaçıları kütləvi şəkildə internet resurslarına, sosial şəbəkələrə, internet TV-lərə üz tutublar.

Bunun bir neçə səbəbi var. Klassik TV-lər xalqın, insanların istədiyi qədər maraqlı deyillər. Məsələn, adamlar alternativ fikirlər, həqiqətlərin cəsarətlə dilə gətirildiyi qızğın debatlar izləmək istəyir, amma klassik TV-lər hansısa verilişə 7 qonaq çağırsalar da, hərəsinə bəlli bir çərçivədə 1-2 cümləlilk ütülü cümlələr demək şansı tanıyırlar, kimlərinsə sözü çəpləşəndə, təbii şəkildə mübahisə düşəndə isə həmin yerləri sonradan montaj edirlər. Ortaya sığallı veriliş çıxır, nə şiş yanır, nə kabab.

Hələ mövzu seçimi məsələsi də var. İctimaiyyəti maraqlandıran mövzular, məsələn, korrupsiya həbsləri, dövlət əmlakını mənimsəmə iddiaları, qalmaqallı ittihamlar qalır qıraqda, telekanallarda eyzən təhsil və medianın problemləri təkrar-təkrar müzakirə olunur. Yenə təhsili başa düşmək olar, amma medianın problemləri xalq üçün qətiyyən maraqlı deyil.

İndi insanların ənənəvi mediaya ehtiyacı yoxdur, hər gün bəlli saatlarda translyasiya olunan xəbərlər bülletenlərini izləmək üçün televizorun qarşısında gözləmirlər, işdən-gücdən, əyləncədən, gəzintidən boş vaxt tapanda internetə qoşulu kompüterdə və ya smart telefonlarında xəbərləri izləyir, hətta hansısa maraqlı reportajın, verilişin, görüntülü xəbərin videoyazısını da tapa bilirlər.

Başqa sözlə, dövran dəyişib, klassik TV-lərin dövranı tam keçməsə də, ortaya yeni tipli informasiya resursları çıxıb və onlar həm elektron, həm də çap mediasının bazarını, auditoriyasını məhdudlaşdırıb.

İndi ictimaiyyətə xəbər ötürmək, onu əyləndirmək üçün 2-3 min nəfərlik kollektiv saxlamağa da ehtiyac yoxdur. Çox mobil (3-4 nəfərdən ibarət) internet TV-lər yaradılıb və onlar gün ərzində bir neçə dəfə canlı yayımda tele-müsahibələr yaya və ya öncədən hazırladıqları reportajları verə bilirlər. Video-bloqerlərin isə sayı-hesabı yoxdur. Onlar az qala hər kənddən, küçədən, hadisə baş verən istənilən yerdən canlı yayım verirlər. Montajsız-filansız, necə var, elə.

Ona görə də hansısa telekanalın rəhbərliyinin dəyişməsini “inqilabi hadisə” hesab etmək, buna böyük ümidlər bağlamaq əbəsdir. Bu “islahat” böyük dəyişikliklərə səbəb olmayacaq. Hətta keçmişdə bu telekanalda parlaq verilişlər aparmış, şöhrət qazanmış, necə deyərlər, can qoymuş təcrübəli, peşəkar kadrları yenidən bir araya toplamaq mümkün olsa da, əvvəlki populyarlığı bərpa etmək çətin olacaq.

Birincisi, dəyişmiş dövrana, yenilənmiş zəmanəyə ayaq uydurmaq lazımdır. İkincisi, telekanalların içində fəaliyyət göstərdiyi çərçivənin ölçüsünə baxmaq gərəkdir. Yeni dövranda köhnə meyarlar, üslublar, hərəkət tərzləri effektli olmayacaq. Üstəlik, yaradıcı kollektivə tanınan azad fəaliyyət meydanı dardırsa, orda ürək istəyən kimi manevr etmək, xalqı, cəmiyyəti maraqlandıran, narahat edən mövzularda ciddi işlər görmək mümkünsüz olacaq.

Ötən həftə əməkdaşlarımız Qarabağın işğaldan azad olunmuş rayonlarından maraqlı süjetlər çəkərək qısa filmlər hazırlamış, sonra onu Youtube kanalı üzərindən yaymışdılar. Nəticə fantastik idi. Klassik TV-lərin eyni məzmunlu reportajlarının baxış sayı 1000-i keçmədiyi halda bizimki 230 minə çatıb. Bu fərqin əsas səbəbi o idi ki, əməkdaşlarımız ənənəvi reportaj standartlarından kənara çıxmışdılar, gerçəkləri lazım olduğu kimi çəkmiş, canlandırmışdılar.

Azərbaycan tamaşaçısı real görüntülər, ciddi müzakirələr, duzlu zarafatlar istəyir, qurama şoular, şit məzhəkələr istəmir.

Xalid KAZIMLI