31 Yanvar 2023

Təbii sərvətlərimizin talan olunması ilə bağlı monitorinqin keçirilməsi vacibdir və keçiriləcək – Muxtar Babayev

Laçın-Xankəndi yolunda keçirilən aksiyada ekofəalların əsas məqsədi təbii sərvətlərimizin qanunsuz istismarının qarşısını almaqdır.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, işğal dövründə ərazilərimizdə təbii sərvətlərimiz talan olunub, təbiətimizə meşələrimizə qarşı ciddi qəddarlıq baş verib.

” Bu halların monitorinqin keçirilməsi vacibdir və keçiriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü bütün tələblər üzərində ciddi işlər davam etdirilir və biz onlara nail olacağıq – deyə M. Babayev əlavə edib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 40 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.