23 Dekabr 2024

TBMM sədri: “İnsanlıq tarixinin ən dəhşətli qətliamı Xocalıda törədilib”

“İnsanlıq tarixinin ən dəhşətli qətliamlarından biri 29 il öncə Qarabağda – Xocalıda törədilib”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı parlamentdə keçirilən tədbirdə söyləyib.

“Ürəyimizi dağlayan bu acı hadisəni yad etmək üçün bir araya gəlmişik. Vicdanı olan hər kəsi, insanlıqdan utandıran bu vəhşəti şəkillərlə, rəsmlərlə, sözlərlə – hər cür yolu istifadə edərək bu qətliamı görmək istəməyən gözlərə, duymaq istəməyən qulaqlara, hiss etməyən vicdanlara hayqırmağa davam edəcəyik”, – sədr bildirib.

O vurğulayıb ki, Xocalı qətliamına görə məsuliyyət daşıyan ermənilər və onların liderləri bütün etiraflara baxmayaraq, hələ də ədalət mühakiməsi qarşısında cavab verməyiblər: “Sözdə insan haqları müdafiəsini edən dövlətlər ölən müsəlman, xüsusilə türkdürsə, heç nə olmamış kimi davranırlar”.