22 Dekabr 2024

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Dövlət başçısı çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində tarixi Zəfərə doğru atılan addımlardan bəhs edərək bildirdi ki, 10 noyabr 2020-ci il tarixdə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Artıq bu gün – 34 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam, Cəbrayıl da və digər işğal olunmuş rayonlar da.

Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Qeyd edək ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azadlığa qovuşmuş müqəddəs torpaqlara ilk səfərləri də elə Cəbrayıl şəhərindən başladı. Ölkə rəhbəri Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Ən mühüm məqam  hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyev cənablarının və Birinci xanım Mehriban Əliyevanını mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi bir daha dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.

Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə hər bir səfəri xalqımızı qürurlandırır, düşmənləri isə sarsıdır. Bu yerdə dövlət başçımız İlham Əliyev cənablarının 3 il öncə- oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü cəbrayıllılırın yaddaşında tarixləşdi. Dövlətimizin başçısı görüşdə çıxışı zamanı bildirdi ki, cbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır: «Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın təhlükəli oyunlara qoşulduğunu əsaslı şəkildə diqqətə çatdıraraq bu mesajı ünvanladı ki, İkinci Qarabağ müharibəsinin tarixçəsi, necə diz üstə bizdən imdad dilədikləri, necə Rusiyaya gündə bəlkə 10 dəfə müharibənin dayandırılması ilə bağlı müraciət etdikləri yaddan çıxmasın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Heç kimə, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişiksə bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın: “Mən bu sözləri istənilən yerdə deyə bilərdim….Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın.”

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı