Tarix yazan əbədiyaşar lider
Tarix sübut edir ki, taleyüklü mərhələlərdə hər bir dövlətin davamlı və sabit inkişafı ona rəhbərlik etmiş liderin fenomenal keyfiyyətləri ilə bilavasitə əlaqəlidir. Ötən əsrdə xalqımızın yetişdirdiyi nəhəng siyasətçi – Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən biridir.
O, Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və qədirbilənlik duyğuları üzərindən qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 98-ci ildönümünün özəlliyi ondan ibarətdir ki, ölkə ictimaiyyəti bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.
Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir həyat məktəbidir. 2020-ci il noyabrın 8-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnmiş Zəfərdən sonra yaranmış yeni reallıqlar bizi Heydər Əliyev fenomeninin cizgilərinə yeni, daha dolğun baxışların formalaşması üçün tarixi hadisələrin müqayisəli təhlili əsasında bir sıra əhəmiyyətli məqamları araşdırmağa sövq edir.
Bu baxımdan Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilk növbədə məhz Heydər Əliyev ideologiyasının təntənəsi kimi dəyərləndirilməlidir. Həqiqət ondan ibarətdir ki, hələ sovetlər dönəmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarında ən yüksək mövqelər tutduğu dövrlərdə onun əzəmətli siyasi çəkisi respublika daxilində separatizm meyillərinin qarşısına keçilməz bir sədd çəkmişdi.
Bununla bağlı o, 1923-cü ildə Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin təsis edilməsinin ermənilərin ərazi iddiaları zəminində xalqımız üçün böyük problemlər yarada biləcəyi barədə tarixi xatirələrini bölüşərkən demişdir: “… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya ovaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu… …Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.
Yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldə olunmasının ilk mərhələsində Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, səfalət, kriminallaşma və inamsızlıq mühiti, açıq-aşkar separatizm meyilləri həm də bunu fürsət bilən Ermənistanın sonda ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi ilə 1993-cü ildə xilaskar obrazında ikinci dəfə hakimyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdir.
Onun ilk olaraq həllinə çalışdığı məsələ də məhz Dağlıq Qarabağ problemi idi. Lakin xalqımızın taleyinə yazılmış bu yaranın sağalması dərin quyuya atılmış daşın oradan çıxarılması fəlsəfəsi baxımından bir ayın, hətta bir ilin işi deyildi. Çünki ərazi iddiaları əsasında dünyada bundan öncə Kəşmir, Fələstin və digər bu kimi onilliklərlə sürən və hələ də həllini tapmayan münaqişələrin mövcudluğu belə düşünməyə əsas verirdi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində “Zaman gələcək, mən pencəyimi çiynimə ataraq Şuşaya, Kəlbəcərə qalxacağam”, “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla, bu il Novruz bayramını ailə üzvləri ilə birlikdə məhz Şuşa şəhərində qeyd etməklə və Cıdır düzündə Qələbə tonqalını qalamaqla yarımçıq qalmış arzuları çin etdi. Azərbaycan Prezidenti ötən il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə bağlı xalqa müraciətində qürurla söyləmişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Sələflərindən fərqli olaraq problemin aradan qaldırılmasına kompleks yanaşmanın müəllifi kimi Heydər Əliyev vətəndaş birliyinə nail olmaq və xalqı öz gücünə inandırmaqla yanaşı, dövlət və ordu quruculuğu ilə bağlı məsələlərə xüsusi önəm vermiş, Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə etməklə iqtisadiyyatı inkişaf yoluna çıxarmış, beynəlxalq müstəvidə ermənipərəst güclərin neytrallaşdırılmasına müvəffəq olmuşdur. Bu məqsədlə 1994-cü ilin may ayında imzalanmış və Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə olunması üçün hüquqi baza olan Bişkek protokolunu Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində əldə etdiyi böyük diplomatik uğur idi. Çünki məhz atəşkəs rejiminin mövcudluğu Azərbaycanda neft erasının başlanğıcı üçün şərait yaratdı. Daxildəki bəzi antimilli qüvvələrin aradan çıxarılması və ölkədə sabitliyin, əmin-amanlığın bərpası ilə müstəqilliyimizin möhkəm dayaqlar üzərində bərqərar olması üçün geniş yol açıldı. Bütün bunlar ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ən vacib şərt kimi tarixi və siyasi əhəmiyyət kəsb edən meyarlardır. Bu strateji hədəf Ulu Öndərin ölkə rəhbərliyinə gəldiyi ilk gündən səsləndirdiyi “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” ifadəsində öz əksini tapmışdır.
Son illər ölkədə həyata keçirilən hərtərəfli və mütərəqqi islahatlar kursu Heydər Əliyevin müəyyən etdiyi siyasi hədəflərə nail olmaq istiqamətində atılmış tarixi addımlardır. Həm neft strategiyasının düşünülmüş və gələcəyə hesablanmış tətbiqi, həm digər sosial-iqtisadi məsələlərin səmərəli şəkildə idarə olunması, həm də postneft dövründə digər sahələrin dinamik şəkildə inkişafı ilə yanaşı, bütün bunların ideoloji təməli kimi ictimai-siyasi sahədə də yeniləşmənin zəruriliyi ortaya çıxmışdır. Son hadisələr də göstərdi ki, bu addımlar atılmadan sonrakı mərhələdə nəzərdə tutulmuş hədəflərə çatmaq mümkün deyil. Bütün səviyyələrdə yeni idarəetmə üsullarına keçid, əsasən kreativ düşüncəli gənc kadrların potensialına güvənli geniş kadr islahatları, Heydər Əliyevdən miras qalmış qətiyyət nümunəsi ilə cəmiyyətin mənəvi saflığı, rüşvətxorluq və korrupsiyaya qarşı amansız mübarizə, xalq-iqtidar həmrəyliyi, ordu-vətəndaş birliyi bugünkü Azərbaycanı səciyyələndirən tarixi nailiyyətlərdir.
Çox təəssüflə qeyd etməliyik ki, 2003-cü ilin 12 dekabrı Azərbaycan xalqının tarixində hüznlə anılan günlərdən biri oldu. Həmin gün xalqımız ümummilli liderimiz Heydər Əliyevi itirmişdir. Hər il dekabrın 12-də xalqımız ümummilli lideri böyük sevgi ilə anır, onu yad edir. Heydər Əliyev Azərbaycan xalqının bu sevgisini öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanmışdır Onun uyuduğu məzarlıq, ziyarətgaha çevrilmişdir. Xalqımız hər il məhz həmin gün bu ziyarətgaha, respublikamızın müxtəlif yerlərində ucaldılmış abidələrinin önünə gələrək Ulu öndərin xatirəsini yad etməyi özünə mənəvi borc bilir.
Etibar Hüseynova – QMƏVŞAİB-nin Bərdə şöbəsinin sədri