23 Dekabr 2024

Tanınmış bəstəkarla Mədəniyyət Nazirliyi arasında qonorar qalmaqalı

Bəstəkar Firudin Allahverdi bu günlərdə sosial media hesabında paylaşım edərək irihəcmli əsərlərə verilən qonorarın az olduğuna dair geniş yazı yazıb. Onun sözlərinə görə, bəstəkarlarımızın iri həcmli musiqi əsərlərinə meyl etməməsinin səbəblərindən biri məhz qonorarın kifayət qədər olmamasıdır.

Bəstəkar Mədəniyyət Nazirliyindən şikayətçidir: “Bu sual çoxdandır cəmiyyətimizi, xüsusilə də onun mədəni kəsimini düşündürür. Şəxsi təcrübəmdən gəldiyim nəticələrə əsasən bunun səbəblərindən biri, bəlkə də ən mühümü barədə fikirlərimi bölüşmək istəyirəm.2016-cı ilin baharında Dövlət Musiqili Teatrında “Baladadaşın toy hamamı” adlı müziklım səhnəyə qoyuldu. Pandemiyaya görə teatrların bağlandığı ana qədər 4 il boyunca bu tamaşa, demək olar ki, hər ay oynanıldı. Həmin ilin sonunda məni Mədəniyyət Nazirliyinə dəvət edib, imzalamağım üçün qonorarla bağlı sənəd təqdim etdilər. Baxdım ki, sənəddə göstərilən məbləğ Nazirlər Kabinetinin müvafiq qərarında bu formalı əsərlər üçün göstərdiyi məbləğin (10 000 AZN) düz yarısıdır. Səbəbini soruşduqda mənə dedilər ki, “orada göstərilən maksimal məbləğdir, yaşlılar, canlı korifeylər üçün nəzərdə tutulub. Sən isə cavansan, ona görə də sənə yarısını təqdim edirik.Mən bundan imtina edib, bunu ayrı-seçkilik hesab etdiyimi dedim. Cavabları bu oldu ki, budur. Nə etsən də, hara yazsan da xeyri olmayacaq”.

Bəstəkar qeyd edib ki, bu formada əsər üçün (sonuncu dəfə 2006-cı ildə yenilənən cədvəldə göstərilən) 10 min AZN belə azdır: “Bu əsərdə mən “minusovka”dan istifadə etməmişəm, rahatlığa qaçmamışam. Ən klassik formada, 40-50 nəfərlik orkestr, 20-30 nəfərlik xor, solistlər və digər iştirakçıların, təxminən 100 nəfərin sinxron fəaliyyətini nəzərdə tutan, yüzlərlə səhifəlik klavir və partitur yazmışam. Yəni “xaltura”ya qaçmamışam. Və bu da mənim zəhmətimə verilən dəyər…”

Firudin Allahverdi məhv bu kimi səbəblərin gənc bəstəkarları həvəsdən saldığı bildirib: “İri həcmli musiqi əsərləri yazmaq istəyənlər digər həmkarlarının əməyinə göstərilən münasibətdən öz hesabını götürür və anındaca həvəsdən düşür. Nəticədə kiçik formalı janrlara, məsələn mahnıya, hətta ara mahnıları yazmağa meyllənir. Çox tragikomik vəziyyətdir. Bəyəm iri formalı əsər yazan bəstəkar ölkəmizdə o qədər çoxdur ki, gülünc görünsə də, onlara 10 min manat rəva görülmür? Bundan əlavə, əgər bu əsər “janrın tələblərinə uyğun gəlmirdisə” niyə bunu ilk dəfədən bu demədilər, yalnız yuxarı instansiyalara müraciət edəndən sonra yada düşdü?”

Mövzu ilə “Yeni Müsavat”a açıqlama verən Firudin Allahverdi təəssüflə bildirib ki, Azərbaycanda qonorar sistemi hələ də sovet dövründən qalma qaydalarla tənzimlənir:“Dünyada qonorar sistemi bizdəki kimi sovetdən qalma sistemlə idarə olunmur. Bu işlərlə yalnız dövlət məşğul olmur. Mədəniyyət sahəsindəki projelərlə prodüserlər məşğul olur. Bəstəkarları, yazıçı yaxud şairləri, xoreoqraflar və b. onlar tapır, müqavilələr bağlayırlar. Bütün müddəalar da müqavilədə qeyd olunur. Bizdə isə Nazirlər Kabinetinin 2006-cı ildə qəbul etdiyi qərarı var. Müzikl, operetta janrları üçün minimal qonorar 10 min manat məbləğində qeyd olunub. Bəlkə də bəstəkarların çoxunun bundan xəbəri yoxdur. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirəm. İllər əvvəl qonorarın minimal məbləğini öyrənmək çalışmışdım, lakin bunu sirr kimi saxlayırdılar. Sonradan elektron hökumətə keçid başlayanda, qərarlar, sərəncamlar əlçatan olduqda qərarın müddəaları ilə tanış olmaq imkanı qazandım. Bundan sonra qonorarla bağlı mövqeyimi daha təkidlə bildirməyə başladım. Maraqlıdır ki, bununla bağlı ilk müraciətim zamanı mənə yanlış məlumat verilmişdi, guya orada göstərilən maksimal məbləğdir”.

Bəstəkar bildirib ki, əksər həmkarları bu problemlə qarşılaşsalar da, nədənsə məsələni gündəmə gətirməyiblər: “Çox məşhur mərhum bəstəkarımız da bu problemi yaşamışdı. Nazirliyə dəfələrlə müraciət etdi. Sonra öz tanışları vasitəsilə qonorarını ala bildi. Təsəvvür edirsiniz? Canlı klassik, korifey sənətkar, sevimli mahnıların müəllifi bu yola əl atmağa məcbur oldu. Mədəniyyət Nazirliyinin bəstəkarların qonorarlarını kəsmək kimi “siyasəti” var. Sanki qənaət lazım olanda bəstəkarlar yada düşür”.

Firudin Allahverdi pandemiyaya qədər 4 il ərzində ən azı ayda bir dəfə oynanılan (bu, o deməkdir ki, əsər uğurlu olub, biletlər satılıb) əsərinə görə minimal məbləğ istəyir, yəni, Nazirlər Kabinetinin qərarındakı minimal məbləği. Lakin Mədəniyyət Nazirliyi bu məbləği də vermək istəmir: “Əvvəl dedilər ki, gəncsən. Bu məbləğ yaşlı bəstəkarlar üçün nəzərdə tutulub. Sonra gördülər ki, şikayət etməyə başlamışam, dedilər ki, əsərim müzikl deyil. Təkidimlə rəy alınması üçün əsərimi Bəstəkarlar İttifaqına göndərdilər. İttifaq əsərimin müzikl olduğuna dair rəy verdi. Mədəniyyət Nazirliyi bu rəylə də razılaşmır. Deyirlər ki, nazirliyin tərkibindəki komissiyanın fikri başqadır”.

Mədəniyyət Nazirliyindən “Yeni Müsavat” a bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə istedadlı gənclərə dəstək olmağın müxtəlif yollarını araşdırılır, imkan daxilində onların layihələrinə köməklik göstərilir: “Hazırda sənət əsərlərinin alınmasında obyektivliyin qorunması məqsədilə müəyyən islahatlar aparılır. Mədəniyyət Nazirliyinin bir bəstəkarın bütün əsərlərini almaq öhdəliyi yoxdur. Buna baxmayaraq, bəstəkarın iki əsəri- 2011-ci ildə yazılan kamera orkestri üçün poema, 2020-ci ildə “Dəli yığıncağı” tamaşasına yazdığı musiqi nazirlik tərəfindən alınıb. Sonuncu dəfə “Baladadaşın toy hamamı” tamaşasına yazılmış musiqi əsərinə görə bəstəkara 5 min manat qonorar təklif edilib, bu məbləğ bəstəkarı qane etmədiyinə görə o, bundan imtina edib. Bu, o demək deyil ki, Mədəniyyət Nazirliyi məsələyə biganə yanaşır. Adıçəkilən əsər peşəkar musiqişünaslar və mütəxəssislər tərəfindən təhlil edərək dəyərləndirilib və müəllifə məlumat verilib”.

Nigar Həsənli
“Yeni Müsavat”