26 Aprel 2024

Tərtərdə fermer və aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin ümumi təlim planına uyğun olaraq, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən 19 fevral 2021-ci il tarixdə Tərtər rayonun Qaraqoyunlu kəndində Əliyev Habilə məxsus fermer təsərrüfatında təlim keçirilmişdir.

Görüşdə hazırkı pandemiya şəraiti ilə əlaqədar maksimum 10 nəfərə qədər fermer və Tərtər DAİM-in Bitkiçilik sektorunun nümayəndəsi iştirak etmişdir, pandemiya şəraitinin qaydalarına uyğun olaraq ara məsafələri qorunmuş, tibbi maskalardan istifadə edilmişdir.
Tərtər RAEİM-in direktor müavini Namiq Məmmədov mərkəzin ümumi fəaliyyətinə dair açılış nitqi ilə çıxış edərək bildirib ki, təlimlər mütəmadi olaraq keçirilir. Və təlimlərin mahiyyəti barədə məlumat verib.

Tərtər RAEİM-in mütəxəssisi, təlimçi Əliyev Bayram əsasən “Sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması. Arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, dondurma şumunun altına mineral gübrələrin verilməsi və səpinin aparılması” mövzusunda təsərrüfat sahibləri ilə söhbətlər aparmışdır. Təlimçi mövzuya uyğun çıxış edərək bildirdi ki, dondurma şumu aparılmazdan əvvəl əkiləcək sahədən bitki qalıqları, alaq otları təmizlənməli və torpaqdan nümunə üçün kəsimlər götürüləcək Aqrokimya labarotoriyasında analiz edildikdən sonra analizin cavabına uyğun olaraq, veriləcək fosfor, kalium gübrəsinin 70% şum altına, hər hektara 20-30 ton üzvü gübrə sahəyə səpilməli sonra isə ön kotancıqlı kotanlarla 30-35 sm dərinliyində şumlanmalıdır. Sahə şumlandıqdan bir neçə gün (20-25 gün) sonra sahəyə daxili arxlar çəkilməlidir. Arat aparmaq üçün hər hektara 1500-1600 m3 – su sərf olunaraq arat olunmalıdır. Torpaq quruduqdan sonra torpaqda çatlar və yaz alaq otları əmələ gəlir. Çatları doldurmaq və alaq otlarını məhv etmək üçün ziq-zaq mala ilə sahəyə dırmıq çəkilməlidir. Sahədə dırmıq vaxdında çəkilmədikdə torpağın nəmliyi azalır, alaq otları böyüyür və səpinin aparılmasına çətinlik törədir. Malalanmada sahənin səthinin düz və hamar qalması çox önəmlidir. Səpin qabağı becərmə mütləq dayaz, yəni 6-7 sm dərinlikdə aparılmalıdır. Malanın axırıncı gedişi səpinin istiqamətində olmalıdır.
Səpindən əvvəl alaq otlarına qarşı kimyəvi mübarizə aparmaq üçün “Treflan” herbisidi hər hektara yüngül torpaqlarda 4 kq/ha, ağır torpaqlarda 6 kq/ha norma ilə 400 litr suya qatılaraq sahəyə çilənir. Eləcədə prometrin də istifadə etdikdə yüngül torpaqlarda hektara 2 kq/ha, ağır torpaqlarda isə 2,5 kq/ha – 200 litr suya qatılaraq sahəyə çilənir.
Səpin müddətinin düzgün seçilməsi tez, tam və sağlam çıxış almaq deməkdir. Bu müddət bitkinin bütün bioloji tələblərini təmin etməlidir. Ona görə də, toxum kifayət qədər isti , rütübətli və yumşaq torpaqda əkilməlidir. Səpin müddəti iqlim şəraitinə görə dəyişə bilər. Pambıq bitkisi isti sevən bitki olduğu üçün, həyatının ilk dövründə normal böyüyüb inkişaf etməsi üçün 20-25 °C temperatur tələb olunur. Erkən səpinlərdə torpaqda kifayyət qədər istilik olmadığı üçün səpilmiş toxumlar uzun müddət torpaqda qaldığına görə çürüyüb məhv olur. Odur ki, istər erkən, istərsə də gecikdirilmiş səpinlərdən yaxşı nəticə almaq mümkün olmur. Səpindən qabaq alaq otlarına qarşı “Qambit” herbisidi ilə (2l +300l su qarışdırılaraq) çilənməlidir. Ən yaxşı səpin müddəti torpaqda temperatur 11-12 °C, havada isə 13-14 °C olan vaxtıdır. Bu dövürdə müəyyən qədər torpaqda nəmlik olmaqla zərərli duzlar çox dərində olur. Torpaqda səpin qabağı becərmə işləri keyfiyyətlə aparılarsa bu dövürdə aparılan səpindən 10-15 günə tam və yaxşı çıxış almaq olar. Səpin müddəti hər bir təsərrüfatın torpaq tipləri ilə də əlaqələndirmək olar. Belə ki, yüngül qranulometrik, tərkibi çınqıllı torpaqlar tez isindiyinə görə səpin tez, gilli, ağır qranulometrik tərkibə malik olan, qrunt suyunun səviyyəsi yuxarı olan torpaqlar nisbətən gec isindiyinə görə səpin gec aparılır. Torpaq yaxşı isindikdən sonra (18-20 °C) toxumu bir qədər dərin səpmək olar. Lifli çiyidlə səpində hektara 70-80 kq, lifsiz çiyidlə isə hektara 20-25 kq toxum sərf edilir. Dəqiq səpin “SÇX -4a” və ya “SPÇ-6” markalı pnevmatik çiyidsəpənlərlə aparılır. Lifsiz çiyidlər nəmliyi tez çəkir, lifli çiyiddən 3-5 gün tez cücərir, bitkilər tez boy atır, böyüyür. Xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlı olur. Lifli çiyidlərə nisbətən nəzərə çarpacaq qədər artıq məhsul əldə etmək olur. Çiyid səpini o zaman başa çatmış hesab olunur ki, sahələrdə sıx və sağlam cücərtilər alınmış olsun. Hektara bitki sıxlığı (110-120 min) normal olduqda yüksək məhsul götürmək mümkün olur.
Pambıq əkilməsi üçün dondurma şumu aparılmış sahədə təşkil edilmiş görüş qarşılıqlı müzakirə şəraitində baş tutmuşdur, bölgə də fəaliyyət göstərən, təlimdə iştirak edən bir qrup fermerləri maraqlandıran suallara geniş şəkildə izzahat verilmişdir.