23 Dekabr 2024

Tərtər-Çaylı-Suqovuşan-Talış yolunun bərpasına başlanıb

Saleh Məmmədov yolun tikintisi haqqında məlumat verib

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edilən kimi uzunluğu 29 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpası işləri başlanılıb.

Bu sözləri AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr edilən brifinqdə deyib.

O qeyd edib ki, bu tapşırıq “54 və 17 №-li Yol İstismarı” MMC tərəfindən dekabr ayının 20-də asfalt-beton örtüyünün alt qatı səviyyəsində yerinə yetirilib. Beləliklə, 9 metr enində asfalt-beton örtüyü olan ümumi eni 12 metr avtomobil yolu tikilib.

“Hazırda Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun, Goranboy rayonunun Tap Qaraqoyunlu və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək davamə etdirilməsi, beləliklə Tərtər rayonu ilə Goranboy və Naftalan rayonları arasında alternativ yeni avtomobil yol bağlantısı yaradılması işləri də uğurla aparılır”, – deyə S.Məmmədov qeyd edib.