Suveren dövlətə sahib olmaq xalqımızın ən böyük arzusu olmuşdur

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqının müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmamış, daim yeni güc və enerji ilə nəsildən-nəsilə ötürülmüşdür. Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Bu baxımdan, 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən biridir.
20 sentyabr 2025-ci il tarixində isə ölkəmiz bu günü ilk dəfə rəsmi olaraq qeyd edir. Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün apardığı lokal xarakterli əməliyyat nəticəsində müstəqil dövlətimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam təmin etdi. Bu, dövlətin tarixində yeni mərhələ açdı və Qarabağ üzərində faktiki nəzarəti möhkəmləndirdi. Bununla da uzun illər davam edən münaqişə və separatizm faktoru aradan qaldırıldı. Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi müstəvisi başa çatdı və regionda yeni reallıqlar formalaşdı. Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətini dayandırmaqla ölkəmizin, vətəndaşlarımızın təhlükəsizliyini qorudu. Tarixi Zəfərimizdən sonra həm də Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq işləri üçün də geniş imkanlar açıldı. Əməliyyat nəticəsində regionda yeni təhlükəsizlik nizamı yarandı. Azərbaycan regional güc kimi öz mövqeyini möhkəmləndirdi, beynəlxalq münasibətlərdə əhəmiyyətini daha da artırdı.
Qarabağ məsələsi Azərbaycan xalqı üçün tarixi, milli və mənəvi dəyərə malik idi. Əməliyyat nəticəsində işğal faktı aradan qalxdı və bu, xalqın milli birliyini daha da gücləndirdi. “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb”. Bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində səsləndirmişdir. “Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, öz xoşu ilə bunu etməyib, “dəmir yumruq” hesabına bunu etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı status ola bilər? Hansı dövlət atributları ola bilər? Hansı seçkilər ola bilər?”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Uğurlu inkişaf dövrünü yaşayan və tarixi qələbələrə imza atan Azərbaycanda 2025–ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunub. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi.
Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.
Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı