19 Sentyabr 2025

Suveren dövlət

Suverenlik dövlətin və xalqın varlığının əsasını təşkil edən bir anlayışdır. O, dövlətin xarici müdaxilə olmadan özünü idarə etmək səlahiyyətini, xalqların öz muxtariy-yətlərini, legitimlik və kimliklərini necə müəyyənləşdirdiklərini formalaşdıran əsas prinsipdir. Sadə dillə desək, suverenlik bir dövlətin xarici təsirə məruz qalmadan özünü idarə etməsi və müstəqil qərarlar qəbul etməsidir. Suverenlik təkcə bir millət üçün öz ölkəsinin sərhədləri daxilində deyil, həm də beynəlxalq aləmdə həlledici əhəmiyyət kəsb edir.

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa gücü olmaqla xarakterizə edir. Həmçinin, suveren dövlət başqa bir dövlətdən nə asılı, nə də tabe olmamalıdır.

Azərbaycan Ordusu 2023-cü ilin 19 sentyabrında Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qondarma qurum özünü buraxdığını elan etdi.

Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ oldu.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı