22 Dekabr 2024

Şuşada ATNA-nın İcraiyyə Komitəsinin 1-ci iclası keçirildi

İyulun 21-də II Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib.

Bu barədə Musavat.com-a Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.

Məlumata görə, toplantıda ATNA-nın İcraiyyə Komitəsində üzv agentliklər Alyansın loqosu ilə bağlı layihələri, veb-saytın konsepsiyasını, birgə təlim proqramlarını və gündəlikdə duran digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, ATNA 2023-cü ilin noyabrında İstanbul şəhərində keçirilmiş Baş Assambleyada Azərbaycanın AZƏRTAC, Türkiyənin “Anadolu”, Qazaxıstanın “Qazkontent”, Qırğızıstanın “Kabar” və Özbəkistanın “UzA” agentlikləri tərəfindən təsis edilib.

Alyansın məqsədləri agentliklər arasında informasiya mübadiləsini gücləndirmək, birgə təlim proqramları həyata keçirmək, müsabiqələr təşkil etmək, dünya informasiya məkanında türk dünyası haqqında xəbərlər yaymaqdır.