Şuşa – əsirlikdən qurtulmuş şəhər
Ali Baş Komandana, Azərbaycan əsgərinə, , Azərbaycan qazisinə və Azərbaycan şəhidinə ömrümüz boyu minnətdar olacağıq.
Bir qrup QHT rəhbərləri ilə Şuşa şəhərini ziyarət etdik. Sözün əsl mənasında əsirlikdən qurtulmuş əzizimiz tək ziyarət etdik. Çünki Şuşanı mən əsir düşmüş və əsirlikdən xilas olmuş bir canlı kimi, incidilmiş, isgəncə görmüş, düşmən tərəfindən istismar edilmiş bir yorğun, əzab çəkmiş bir şəhər kimi gördüm.
Belə ki, işğal illərində mənfurlar sadəcə bu şəhərdə yaşayıblar, bu şəhərin binalarından istifadə ediblər. Heç nə qurmayıblar, heç nə yaratmayıblar, dağılanları da bərpa etməyiblər. Sadəcə ögey bir soyuq münasibət olub şəhərə. Hiss edirdilər ki, biz qayıdacağıq.
Lakin 44 günlük Vətən müharibəsi nəticəsində azad olunan Şuşada artıq tamam başqa ab-hava hökm sürür. Şəhər dirçəlir,canlanır və yenidən qurulur. İnsanlarımızın nəfəsi o şəhəri təravətləndirir.
Şuşada heç zaman olmamışdım. Bu 30 ildə eşitdiklərim həmişə Şuşaya qarşı məndə bir rəğbət, sevgi və maraq yaratmışdı. Şuşanın doğrudan da bir mədəniyyət, incəsənət və tariximizin mərkəzi olmağını hiss etməmək mümkün deyil. Bu şəhərin özünəməxsus ziyalı, mədəni və qəribə bir sirli aurası məni heyran etdi.
Qələbəmizdən ötən az bir vaxtda baxmayaraq Şuşamızda xeyli quruculuq, bərpa və təmir işləri görülüb. “Zəfər yolu”nun çox mürəkkəb və çətin relyefi belə, qısa müddətdə aparılan işin necə əziyyət və iradə hesabına başa gəlməsini bariz nümunəsidir. Şuşaya qalib xalqın nümayəndəsi kimi getmək də izahedilməz mənəvi qürur verir insana. Biz bir xalq olaraq bu gözəl, möhtəşəm qələbəmiz üçün bu qürur hisslərini bizə bəxş edən Ali Baş Komandana, Azərbaycan əsgərinə, , Azərbaycan qazisinə və Azərbaycan şəhidinə ömrümüz boyu minnətdar olacağıq.
Ayrıca, bu səfəri təşkil edən QHT-lərə Dəstək Agentliyinin rəhbərliyinə, xüsusən, turun ağır məsuliyyətini üzərində daşıyan Vüsal Quliyevə, turun baş tutmasında əziyyəti olan hər kəsə İSAY İB üzvləri və şəxsən öz adımdan dərin təşəkkürümüzü bildiririk. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Əyyub Kərimli–İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri